“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Bəşir Süleymanlının 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müdafiə tərəfi çıxış üçün vaxt istəyib.
Proses noyabrın 19-da davam etdiriləcək.
Qeyd edək ki, Bəşir Süleymanlı ötən ilin mart ayında saxlanılıb və ona Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılıb.
Cinayət işi üzrə ittiham edilənlərin bir qismi ilə bağlı məhkəmə hökmləri çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB