“Çin və Azərbaycan arasında yüksək səviyyəli səfərlər əməkdaşlığa yeni istiqamətlər açır” - Lu Mey
Azərbaycan və Çin arasında ikitərəfli münasibətlər yüksək səviyyəli qarşılıqlı səfərlər və təmaslar vasitəsilə daha da intensivləşir. Cari ilin əvvəlindən etibarən iki ölkə arasında siyasi dialoqun fəallığı qorunub saxlanılıb.
SİA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lu Mey Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin V Plenumunun yekunlarına dair brifinqdə media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, xarici işlər naziri Ceyhun Bayramov və digər yüksək vəzifəli Azərbaycan rəsmiləri iki ölkə liderlərinin əldə etdiyi razılaşmaların icrasını müzakirə etmək məqsədilə Çinə səfər ediblər.
Səfir qeyd edib ki, may ayında Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və Çin Sədri Si Cinpinin xüsusi nümayəndəsi Çjan Qoçin XIII Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Liderlər Sammitində iştirak etmək üçün Azərbaycana səfər edib və Prezident İlham Əliyevlə görüşüb.
Onun sözlərinə görə, bu yaxınlarda Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və xarici işlər naziri Van İ də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısında iştirak etmək məqsədilə Azərbaycana gəlib. Səfər çərçivəsində Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla keçirilən görüşlərdə ikitərəfli münasibətlərin və praktiki əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub.
Lu Mey vurğulayıb ki, sentyabr ayında Çin Ali Xalq Prokurorluğunun prokuroru İn Yun və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Liu Haysinin Azərbaycana səfərləri də əlaqələrin inkişafına töhfə verib. Bu səfərlər məhkəmə-hüquq sahəsində əməkdaşlığın və partiyalararası əlaqələrin möhkəmləndirilməsinə yeni imkanlar yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB