“Çin kosmosun təhlükəsizliyi və idarə olunması üçün beynəlxalq qaydaların hazırlanmasını təklif edir” - ÇİN

“Çin kosmosun təhlükəsizliyi və idarə olunması üçün beynəlxalq qaydaların hazırlanmasını təklif edir” - ÇİN

Çin kosmik məkanın inkişafı, təhlükəsizliyi və idarə olunması ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsini, bu sahədə ümumi norma və qaydaların hazırlanmasını dəstəkləyir.

SİA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lu Mey Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin V Plenumunun yekunlarına dair brifinqdə media nümayəndələrinin suallarını cavablandırarkən deyib.

O bildirib ki, bu yaxınlarda Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Qlobal İdarəetmə üzrə Forumun (Sünan) açılış mərasimində “Çinin kosmik məkanın idarə olunmasının gücləndirilməsinə dair mövqeyi” adlı sənədin irəli sürüldüyünü elan edib.

L.Meyin sözlərinə görə, bu sənəd Çinin dörd qlobal təşəbbüsü praktiki şəkildə həyata keçirmək və kosmik məkanda bəşəriyyətin ortaq taleyinə malik birliyinin formalaşmasına töhfə vermək istiqamətində atdığı mühüm addımdır.

Səfir qeyd edib ki, sənəddə beynəlxalq ictimaiyyəti narahat edən kosmik məkanın inkişafı, təhlükəsizliyi və idarə olunması məsələlərinin həllinə dair konstruktiv yanaşmalar əks olunub. Eyni zamanda, sənəd bu sahədə beynəlxalq müzakirələrin aparılması, müvafiq norma və qaydaların hazırlanması üçün əsas rolunu oynaya bilər.

O vurğulayıb ki, Çin bundan sonra da açıqlıq və konstruktiv qarşılıqlı fəaliyyət prinsiplərini rəhbər tutaraq bütün tərəflərlə əməkdaşlığı gücləndirmək niyyətindədir. Əsas məqsəd kosmik məkanın tədqiqi və istifadəsi sahəsində əldə olunan nailiyyətlərin bütün bəşəriyyətin rifahına daha böyük töhfə verməsini təmin etməkdir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə