"Çin süni intellektdə qlobal əməkdaşlığı gücləndirir” - Səfir

"Çin süni intellektdə qlobal əməkdaşlığı gücləndirir” - Səfir

Çin süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, texnologiyalara çıxış imkanlarının artırılması və Qlobal Cənub ölkələrinin bu sahənin üstünlüklərindən faydalanması istiqamətində təşəbbüslər irəli sürür.

SİA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lu Mey Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin V Plenumunun yekunlarına dair brifinqdə media nümayəndələrinin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Çin süni intellekt sahəsində beynəlxalq ictimai nemətlərin təminatçısı olmağa çalışır. Bu məqsədlə BMT Baş Assambleyasında “Süni intellekt sahəsində potensialın artırılması üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi” adlı qətnamənin konsensus əsasında qəbul edilməsini dəstəkləyib, müvafiq Dostlar Qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib və “Süni intellekt sahəsində potensialın artırılmasının hamı üçün əlçatan olması planı”nı dərc edib.

Səfir qeyd edib ki, cari ilin iyul ayında Şanxay şəhərində Ümumdünya Süni İntellekt Əməkdaşlığı Təşkilatının (WAICO) təsis edilməsi Çinin bu sahədə inkişafı və qlobal idarəetməni təşviq etmək istiqamətində atdığı mühüm addımlardan biridir. Bu təşəbbüs, həmçinin süni intellekt sahəsində mövcud texnoloji uçurumun aradan qaldırılmasına və Qlobal Cənub ölkələrinin yeni texnologiyaların imkanlarından faydalanmasına yönəlib.

Lu Mey bildirib ki, bu yaxınlarda Syun'an şəhərində keçirilən Qlobal İdarəetmə Forumunda Çin tərəfi “Süni intellekt sahəsində potensialın artırılmasının hamı üçün əlçatan olması planının icrasının gedişinə dair Hesabat”ı təqdim edib. Sənəddə planın irəli sürülməsindən ötən iki il ərzində beynəlxalq əməkdaşlıq çərçivəsində əldə olunan nəticələr, praktiki təcrübə və uğurlu nümunələr ümumiləşdirilib.

Onun sözlərinə görə, hesabatda texnologiyaların əlçatanlığının təmin edilməsi ilkin mərhələ, müstəqil inkişaf isə əsas məqsəd kimi müəyyənləşdirilib. Bu istiqamətdə ölkələrin ehtiyaclarının nəzərə alınması, birgə məsləhətləşmə və əməkdaşlıq prinsiplərinə əməl edilməsi, açıq mənbə və açıq əməkdaşlığın təşviqi vacibdir.

Səfir əlavə edib ki, süni intellekt modelləri, məlumatlar və insan kapitalı kimi sahələrdə imkanların əlaqələndirilmiş şəkildə inkişaf etdirilməsi beynəlxalq əməkdaşlığın əsas istiqamətlərindən biri olmalıdır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə