“Texnoloji yeniliklər peşəkar jurnalistikanın əhəmiyyətini arxa plana keçirməməlidir” - Azər Həsrət

“Texnoloji yeniliklər peşəkar jurnalistikanın əhəmiyyətini arxa plana keçirməməlidir” - Azər Həsrət

Süni intellektin geniş yayılması avtomatlaşdırılmış məzmun istehsalını artırır və bu, peşəkar jurnalistikanın qorunmasını daha da vacib edir.

SİA xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, jurnalistikanın keyfiyyətini yüksəltmək və süni intellektlə rəqabətdə üstün mövqeyi qorumaq üçün səylər birləşdirilməlidir. Onun sözlərinə görə, süni intellekt vasitəsilə yaradılan məlumatlarda yanlışlıqlara yol verilə bilər və bu, ictimai rəyə təsir göstərərək insanları yanlış istiqamətə yönəldə bilər.

Azər Həsrət vurğulayıb ki, texnologiya əsrində süni intellektdən istifadə qaçılmaz olsa da, texnoloji yeniliklər peşəkar jurnalistikanın əhəmiyyətini arxa plana keçirməməlidir. Ənənəvi jurnalistikanın, peşəkarlığın və məsuliyyətli informasiya istehsalının qorunması vacibdir.

O, sosial mediada Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı çıxan, müxtəlif iddialarla ictimaiyyətin diqqətini cəlb etməyə çalışan qrupların fəaliyyətinə də toxunub. Bildirib ki, belə iddialara ağıl, intellekt, ədəb və əxlaq çərçivəsində cavab verilməli, yayılan məzmunun mümkün təhlükələri nəzərə alınmalıdır.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü bəzi hallarda dini məkanlardan ayrı-ayrı şəxsləri və ictimai fəalları hədəfə alan çağırışların səsləndirilməsindən narahatlığını ifadə edib. O qeyd edib ki, dini məkanlar insanları qarşıdurmaya təşviq etmək və kimlərisə hədəfə çevirmək üçün istifadə olunmamalıdır.

Azər Həsrət, həmçinin dövlətin maraqlarını müdafiə edən şəxslərin öz dövlətlərinə qarşı çıxmaqda ittiham edilməsini ziddiyyətli hal kimi qiymətləndirib. O, dövlət maraqlarının müdafiəsini vətəndaşlıq məsuliyyətinin bir hissəsi hesab etdiyini bildirib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə