“Ekoloji nəzarət risklərin səviyyəsinə uyğun həyata keçirilməlidir” -NİGAR MƏMMƏDOVA
Ekoloji nəzarətin səmərəliliyinin artırılması, monitorinq tədbirlərinin təkmilləşdirilməsi və ətraf mühitə dair məlumatların ictimaiyyət üçün əlçatan olması mühüm əhəmiyyət daşıyır.
SİA xəbər verir ki, bunu deputat Nigar Məmmədova Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, təqdim olunan qanun layihəsi ekoloji monitorinqin aparılması, müvafiq vasitələrin yoxlanılması və hesabatlılıq müddətlərinin dəqiq müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Deputatın sözlərinə görə, ekoloji nəzarət zamanı diferensial yanaşma tətbiq edilməli, nəzarətin tezliyi istehsalın xarakterinə, risk səviyyəsinə və mümkün fəsadların miqyasına uyğun müəyyənləşdirilməlidir.
N.Məmmədova ətraf mühitə təsirin qiymətləndirilməsinə dair sənədlərin rəsmi internet resurslarında yerləşdirilməsini müsbət addım kimi qiymətləndirib. O, həmin məlumatların vətəndaşlar üçün sadə və anlaşıqlı formada təqdim olunmasının vacibliyini vurğulayıb.
Deputat qeyd edib ki, vətəndaşlar yaşadıqları ərazidə ətraf mühitin vəziyyəti, mümkün ekoloji risklər və onların qarşısının alınması üçün görülən tədbirlər barədə məlumat əldə edə bilməlidirlər.
O əlavə edib ki, ekoloji nəzarətin gücləndirilməsi və ictimaiyyətin məlumatlandırılması ətraf mühitin mühafizəsinə məsuliyyətli yanaşmanın formalaşmasına töhfə verə bilər. Ətraf mühitin qorunmasının insanların sağlamlığı, gələcək nəsillərin rifahı və ölkənin davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB