"Türk dünyasının güclənməsini istəməyən qüvvələr həssas mövzuları siyasiləşdirə bilərlər" - POLİTOLOQ DANIŞDI
"Türkiyədə Azərbaycanda məktəblərdə baş örtüyü ilə bağlı tətbiq edilən geyim qaydalarının tənqid olunması və bu məsələnin siyasi müzakirələrə çevrilməsi ilk növbədə Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyəti və Türk dünyasının güclənməsi kontekstində qiymətləndirilməlidir".
Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, ayrı-ayrı siyasi və dini qrupların bu mövzunu gündəmə gətirməsi, onun Azərbaycan əleyhinə kampaniya müstəvisinə keçirilməsi cəhdləri iki ölkə arasındakı strateji müttəfiqliyin mahiyyətini dəyişmir:
"Bu gün Azərbaycan-Türkiyə birliyinin möhkəmlənməsini, Türk dünyasının siyasi, iqtisadi və geosiyasi gücünün artmasını istəməyən müxtəlif qüvvələrin mövcudluğu reallıqdır. Çünki bu birlik regional və beynəlxalq münasibətlər sistemində yeni əməkdaşlıq imkanları yaradır, türk dövlətlərinin ortaq maraqlarını daha effektiv müdafiə etməsinə şərait yaradır. Belə şəraitdə ayrı-ayrı həssas mövzuların siyasiləşdirilməsi, ictimai rəydə narazılıqlar yaradılması və iki qardaş ölkə arasında fikir ayrılığı görüntüsünün formalaşdırılması cəhdlərinə diqqətlə yanaşmaq lazımdır.
Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də andiçmə mərasimində səsləndirdiyi “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikri Azərbaycanın bu məsələdəki strateji mövqeyini aydın ifadə edir. Bu yanaşma yalnız siyasi bəyanat deyil, həm də tarixi, mədəni və milli bağlara söykənən əməkdaşlıq fəlsəfəsidir.
Nəzərə almaq lazımdır ki, Türkiyədə Azərbaycan səfirliyi və konsulluğu qarşısında keçirilən etiraz aksiyaları, eləcə də ayrı-ayrı şəxslərin səsləndirdiyi ittihamlar milyonlarla insanın ortaq iradəsini ifadə etmir. Hər hansı təşkilatın və ya qrupun mövqeyini bütövlükdə Türkiyə cəmiyyətinə şamil etmək yanlış yanaşmadır. Bir neçə aksiyanın iki dövlət və iki xalq arasında formalaşmış qardaşlıq münasibətlərini sarsıtması faktiki olaraq mümkün deyil.
Tarixi təcrübə də bu birliyin möhkəmliyini təsdiqləyir. Qarabağın işğaldan azad olunması prosesində Türkiyənin Azərbaycana verdiyi siyasi və diplomatik dəstək, enerji və nəqliyyat layihələri iki ölkə arasındakı münasibətlərin konkret təzahürləridir. Bu əlaqələr ayrı-ayrı siyasi mübahisələrdən daha dərin və davamlı təmələ malikdir.
Belə halların qarşısının alınması üçün hər iki ölkənin ictimaiyyəti emosional iddialarla faktları fərqləndirməli, media məsuliyyətli davranmalı, rəsmi qurumlar isə zərurət yarandıqda aydın və təmkinli mövqe ortaya qoymalıdır. Azərbaycan və Türkiyə arasında fikir ayrılıqlarının yaranması mümkündür, lakin bu, qardaşlığın zəifləməsi demək deyil. Əksinə, qarşılıqlı hörmət, açıq dialoq və strateji etimad belə sınaqlardan daha güclü çıxmağın əsas şərtləridir. Azərbaycan-Türkiyə birliyi ayrı-ayrı aksiyaların deyil, iki xalqın ortaq tarixinin, maraqlarının və gələcəyə dair iradəsinin üzərində qurulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB