"Azərbaycan regional və qlobal proseslərdə milli maraqlarına uyğun qərarlar qəbul edir" - ŞƏRH EDİLDİ

"Azərbaycan regional və qlobal proseslərdə milli maraqlarına uyğun qərarlar qəbul edir" - ŞƏRH EDİLDİ

"Azərbaycanın xarici siyasətinin əsasını milli və dövlət maraqlarının qorunması təşkil edir. Cənab Prezidentin son çıxışları da göstərir ki, ölkəmizin xarici siyasət kursu məhz bu prinsiplər üzərində qurulub".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir:

"Azərbaycan beynəlxalq münasibətlərdə müstəqil mövqeyini qorumağa, regional və qlobal proseslərdə milli maraqlarına uyğun qərarlar qəbul etməyə xüsusi önəm verir.

Təbii ki, milli maraqların ön planda tutulması müəyyən problemlər və çətinliklər yarada bilər. Lakin bu yanaşma Azərbaycanın regiondakı mövqeyinin daha da möhkəmləndirilməsi və beynəlxalq münasibətlər sistemində rolunun artırılması baxımından əhəmiyyətlidir. Ölkəmizin müxtəlif dövlətlərlə münasibətlərini qarşılıqlı hörmət, bərabərhüquqluluq və əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirməsi də bu siyasətin mühüm istiqamətlərindəndir.

Prezidentin çıxışı bir daha Azərbaycanın beynəlxalq siyasətdə qərar qəbul edərkən dövlət suverenliyini, milli maraqlarını və beynəlxalq hüququn prinsiplərini əsas götürdüyü fikrini önə çıxarır. Bu yanaşma Azərbaycanın xarici siyasətdə müstəqil xəttini qorumasına, regional təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməsinə imkan yaradır. Azərbaycanın gələcək xarici siyasətinin də bu prioritetlər əsasında formalaşacağı və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə yönələcəyi gözlənilir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə