Etik Davranış Kodeksinə süni intellektlə bağlı yeni prinsip əlavə ediləcək - Müşfiq Ələsgərli
Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksinə süni intellektdən istifadə ilə bağlı yeni prinsipin əlavə edilməsi istiqamətində iş aparılır.
SİA xəbər verir ki, bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, yeni prinsip media subyektlərinin fəaliyyətində süni intellektdən istifadə qaydalarını müəyyənləşdirəcək. Bu məqsədlə redaksiyalarda süni intellekt sistemlərindən istifadənin məqsədlərini, sərhədlərini, yoxlama prosedurlarını və redaksiyanın məsuliyyətini müəyyən edən daxili sənədlərin qəbul edilməsi nəzərdə tutulur.
Müşfiq Ələsgərlinin sözlərinə görə, redaksiyalar əməkdaşlarının süni intellektdən istifadə bacarıqlarının artırılması üçün də müvafiq şərait yaratmalıdırlar.
O qeyd edib ki, süni intellektin köməyi ilə yaradılan, dəyişdirilən və ya əhəmiyyətli dərəcədə formalaşdırılan məzmunun auditoriya tərəfindən düzgün anlaşılması üçün şəffaflıq təmin olunmalıdır. Auditoriyanı çaşdıra biləcək süni intellekt mənşəli foto, audio, video və digər məzmunun mənşəyi barədə məlumat verilməsi vacibdir.
Mətbuat Şurasının sədr müavini əlavə edib ki, süni intellektdən istifadə zamanı müəlliflik hüquqları, şəxsi məlumatların və mənbələrin məxfiliyi, insan ləyaqəti və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə riayət olunmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB