Hesabat dövründə Mətbuat Şurasına 815 şikayət daxil olub. Onlardan 691-i tərəflər arasında anlaşma yolu ilə həll edilib.
SİA xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, tərəflər arasında razılıq əldə olunmayan digər 124 məsələ Şuranın Şikayətlər üzrə Komissiyasında araşdırılıb. Onlardan 86-sı komissiya səviyyəsində həllini tapıb, 38 məsələ ilə bağlı isə qərar qəbul edilməsi üçün materiallar İdarə Heyətinə təqdim olunub. Beləliklə, hesabat dövründə İdarə Heyəti tərəfindən ümumilikdə 38 qərar qəbul edilib. Qərarlarda əsasən jurnalistlərin qarşı tərəfin mövqeyini işıqlandırmaması və peşə etikası ilə bağlı digər məsələlərə diqqət yetirilib.
Rəşad Məcid qeyd edib ki, Şuraya daxil olan digər müraciətlərin sayı müəyyən edilmiş qaydada göndərilən şikayətlərin sayından təxminən iki dəfə çox olub. Həmin müraciətlərin bir qismində jurnalistlərin fəaliyyəti ilə bağlı iradlar səsləndirilsə də, məsələlər Mətbuat Şurasının səlahiyyətlərinə aid olmayıb. Bununla belə, müraciətlərin tərəflər arasında razılaşma yolu ilə həllinə yönələn işlər davam etdirilib.
Şura sədri vurğulayıb ki, internet mediasının geniş yayılması və sosial şəbəkələrin informasiya məkanında rolunun artması söz və informasiya azadlığından sui-istifadə hallarını da gündəmə gətirir. Bu səbəbdən VII qurultaydan sonra sosial şəbəkə istifadəçiləri ilə əlaqələrin qurulması məqsədilə ayrıca komissiya yaradılıb, aktiv istifadəçilərlə görüş keçirilib və onlara müvafiq müraciət ünvanlanıb.
Onun sözlərinə görə, qarşıda Mətbuat Şurasını daha məsuliyyətli fəaliyyət dövrü gözləyir. İnformasiya yayımı vasitələrinin genişlənməsi və süni intellekt məhsullarının sayının artması media qurumları ilə jurnalistlərdən yeni şəraitə uyğunlaşmağı və daha səmərəli fəaliyyət modelləri müəyyənləşdirməyi tələb edir. Bu prosesdə yaradıcılıq və istedad əsas hərəkətverici qüvvələrdəndir.
Rəşad Məcid diqqətə çatdırıb ki, müasir dövrdə informasiya dövlət təhlükəsizliyinin mühüm elementlərindən biridir və bu imkanlardan bəzən sui-istifadə olunur. Hesabat dövründə ictimai rəyə təsir göstərmək məqsədilə məlumatların yayılması, tarixi faktların təhrif edilməsi və informasiya manipulyasiyası halları da diqqətdən kənarda qalmayıb.
Şura sədri bildirib ki, bu kimi mənfi tendensiyalar, eləcə də xarici mediada Azərbaycan rəhbərliyini hədəfə alan materiallarla bağlı Mətbuat Şurası 15 bəyanat yayıb. Həmin sənədlər ingilis və rus dillərinə tərcümə edilərək xarici media qurumlarına göndərilib.
Bununla yanaşı, Azərbaycan mediasında müşahidə olunan peşə etikası pozuntuları ilə bağlı 18 bəyanat və müraciət qəbul edilib. Bu sənədlərdə ictimai əhəmiyyətli hadisələrin işıqlandırılması zamanı jurnalistlərin yol verdiyi nöqsanlara diqqət çəkilib və belə halların qarşısının alınmasına çağırış edilib.
Rəşad Məcid Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığın da peşəkar media fəaliyyətinin qorunması baxımından əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, qurumlar arasında əməkdaşlıq memorandumu imzalanıb, birgə konfranslar və digər tədbirlər keçirilib. Bu fəaliyyətlər informasiya məkanının qorunmasına, təcrübə mübadiləsinə və aktual problemlərin müzakirəsinə xidmət edir.
O əlavə edib ki, media mühitində davranış qaydalarının normallaşdırılması, milli-mənəvi dəyərlərin qorunması, sağlam informasiya mühitinin formalaşdırılması və dezinformasiyanın qarşısının alınması istiqamətində fəaliyyət davam etdirilməlidir. Bunun üçün cəmiyyətin fəal mövqeyi və ictimai müqavimət mexanizmləri gücləndirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB