“Mətbuat Şurasının maliyyə fəaliyyətində ciddi pozuntu aşkarlanmayıb” - Rey Kərimoğlu
Hesabat dövründə Mətbuat Şurasının təşkilati, inzibati və maliyyə fəaliyyəti yoxlanılıb, maliyyə fəaliyyətində ciddi pozuntu aşkarlanmayıb.
SİA xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, yoxlama zamanı Şuranın fəaliyyəti, komissiyaların işi, daxil olan şikayət və müraciətlərə baxılması, qəbul edilmiş qərarların icrası, eləcə də maliyyə-təsərrüfat fəaliyyəti təhlil edilib.
Rey Kərimoğlunun sözlərinə görə, hesabat dövründə Şikayətlər üzrə Komissiyanın 37, digər komissiyanın isə 18 iclası keçirilib. İclasların Şuranın nizamnaməsinə uyğun təşkili və müvafiq məsələlərin müzakirəsi diqqətdə saxlanılıb.
O qeyd edib ki, yoxlama zamanı jurnalistlərin peşə fəaliyyətində fərdi hüquqların, ictimai maraqların və mülkiyyət hüquqlarının qorunması məsələləri də nəzərdən keçirilib. Mətbuat orqanlarının fəaliyyətində müşahidə olunan problemlər müvafiq komissiyalar tərəfindən araşdırılıb.
Komissiya sədrinin diqqətə çatdırdığına görə, hesabat dövründə Mətbuat Şurasına 815 şikayət daxil olub, bununla yanaşı, çoxsaylı şifahi müraciətlər də qeydə alınıb. Müraciətlərin bir hissəsi etik prinsiplərin pozulması, jurnalistlərin peşə məsuliyyəti və media nümayəndələrinin fəaliyyətində yol verilən nöqsanlarla bağlı olub.
Rey Kərimoğlu bəzi hallarda peşə etikası tələblərinə lazımi səviyyədə əməl edilmədiyini və qəbul edilmiş qərarların icrasında müəyyən çətinliklərin yarandığını bildirib. Bununla belə, problemlərin aradan qaldırılması və müraciətlərin həlli istiqamətində müvafiq tədbirlərin görüldüyünü vurğulayıb.
O, üzvlük haqlarının ödənilməsi məsələsinə də toxunaraq, bəzi jurnalist təşkilatlarının bu öhdəliyi yerinə yetirmədiyini bildirib. Qeyd edib ki, üzvlük haqlarının vaxtında ödənilməsi Mətbuat Şurasının fəaliyyətinin davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nəzarət-Təftiş Komissiyasının sədri əlavə edib ki, yoxlama zamanı Şuraya daxil olan məktub və müraciətlərin qeydiyyatı, araşdırılması və cavablandırılması prosedurları da nəzərdən keçirilib. Araşdırmalar nəticəsində müraciətlərə baxılması qaydalarına riayət olunduğu, eyni zamanda, müraciətlərin bir hissəsinin Şuranın səlahiyyətlərinə aid olmadığı müəyyən edilib.
Maliyyə-təsərrüfat fəaliyyətinin təhlili zamanı müvafiq maliyyə sənədləri, hesablaşmalar, ödənişlər, çeklər və qaimələr yoxlanılıb. Rey Kərimoğlunun sözlərinə görə, mühasibat uçotunun aparılması və vergi öhdəliklərinin yerinə yetirilməsinin müvafiq qanunvericiliyə uyğun olduğu müəyyənləşdirilib.
O bildirib ki, hesabat dövründə media qurumlarına dövlət maliyyə dəstəyi çərçivəsində Mətbuat Şurasına 30 min manat vəsait ayrılıb. Həmçinin Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə bağlı tədbirlərin icrası, milli mətbuat tarixinin təbliği, jurnalistlərin fəaliyyətinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərə toxunulub.
Rey Kərimoğlu yekunda müraciətlərin araşdırılması, qəbul edilən qərarların icrasına nəzarət və üzvlük haqlarının vaxtında ödənilməsi istiqamətlərində fəaliyyətin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB