Milli Məclis pensiya təminatı ilə bağlı dəyişiklikləri üçüncü oxunuşda qəbul edib

Milli Məclis pensiya təminatı ilə bağlı dəyişiklikləri üçüncü oxunuşda qəbul edib

Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların və səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsini, vahid sığorta prinsiplərinin tətbiqini nəzərdə tutan qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

SİA xəbər verir ki, məsələ parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihə bir sıra qanunlara, o cümlədən “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Diplomatik xidmət haqqında” qanunlara dəyişiklikləri əhatə edir.

Sənəddə qeyd olunur ki, Azərbaycanda əmək pensiyaları sistemi əsasən sığorta prinsiplərinə söykənir. Bu sistemdə pensiyanın məbləği şəxsin fərdi hesabında topladığı pensiya kapitalına uyğun müəyyən edilir, pensiyaların artırılması isə indeksasiya vasitəsilə həyata keçirilir. Son 20 ildə bu istiqamətdə aparılan islahatlar minimum və orta pensiyaların mütəmadi artırılmasına, pensiyaçıların sosial rifahının yaxşılaşdırılmasına və Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığının möhkəmləndirilməsinə şərait yaradıb.

Bununla yanaşı, pensiya məbləğinin sosial sığorta prinsipləri əvəzinə pensiyaya çıxarkən əməkhaqqı və ya təminat xərcliyi ilə əlaqələndirildiyi mexanizmlər hələ də mövcuddur. Bu vəziyyət dövlət sektorunda əməkhaqqı islahatlarının aparılmasını çətinləşdirir və pensiya məbləğləri arasında qeyri-bərabərliyə səbəb olur.

Təklif olunan dəyişikliklər məhz həmin mexanizmlərin təkmilləşdirilməsini, pensiya təyinatı şərtlərinin müasir tələblərə uyğunlaşdırılmasını və vahid sığorta yanaşmasının tətbiqini nəzərdə tutur.

Qanun layihəsinə əsasən, dövlət qulluqçularının pensiya məbləğinin onların son əməkhaqqındakı artımlara deyil, fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitalına əsasən müəyyən edilməsi təklif olunur. Mövcud mexanizmdə pensiya məbləği toplanmış kapitala mütənasib olmaya bilər.

Yeni yanaşma çərçivəsində pensiya məbləği ilə dövlət məvacibi arasındakı birbaşa əlaqə aradan qaldırılacaq. Şəxslərə fərdi hesablarında qeydə alınmış pensiya kapitalı əsasında ümumi əsaslarla pensiya təyin ediləcək və ödənişlər davam etdiriləcək. Bununla yanaşı, hazırda tətbiq olunan qulluq stajına görə əlavənin əvəzinə aylıq pensiya əlavəsinin verilməsi nəzərdə tutulur.

Aylıq əlavənin məbləği dövlət qulluqçuları üçün inzibati təsnifat, səlahiyyət müddətinə görə pensiya alan şəxslər üçün isə müvafiq vəzifələr əsasında müəyyən ediləcək. İslahatın dövlət qulluqçularının pensiya təminatında qeyri-bərabərliyin aradan qaldırılmasına və pensiya təyinatının elektron qaydada, proaktiv formada həyata keçirilməsinə imkan yaradacağı bildirilir. Beləliklə, vətəndaşların müvafiq qurumlara müraciət etmədən pensiya təyinatı alması mümkün olacaq.

Müdafiə Nazirliyinin sistemində xidmət edən hərbi qulluqçuların pensiya təminatında da oxşar dəyişikliklər nəzərdə tutulur. Hazırda onların pensiyası sonuncu təminat xərcliyi əsasında hesablanır. Bu mexanizm pul təminatında baş verən artımlar nəticəsində pensiya məbləğinin toplanmış pensiya kapitalına uyğun gəlməməsinə səbəb ola bilər. Həmçinin mövcud yanaşmanın hərbi qulluqçuların xidmətdə daha uzun müddət qalmasını deyil, pensiyaya çıxmasını stimullaşdırdığı qeyd olunur.

Yeni qaydalara əsasən, pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qaldırılacaq və pensiya fərdi şəxsi hesabda qeydə alınmış kapital əsasında hesablanacaq. Hərbi qulluqçulara ümumi əsaslarla əmək pensiyası təyin ediləcək. Eyni zamanda, qulluq stajına görə əlavə əvəzinə sabit məbləğdə aylıq pensiya əlavəsi veriləcək. Bu əlavənin məbləği hərbi rütbələr üzrə müəyyənləşdiriləcək.

Qanun layihəsində əmək pensiyalarının və fərdi hesablarda qeydə alınmış pensiya kapitallarının indeksləşdirilməsi mexanizminin təkmilləşdirilməsi də nəzərdə tutulur.

Hazırda təyin edilmiş əmək pensiyaları məbləğindən asılı olmayaraq, ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir. Fərdi hesablarda qeydə alınmış pensiya kapitalları isə ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə əsasən artırılır.

Təklif olunan dəyişikliklərə görə, pensiyaların və pensiya kapitallarının indeksləşdirilməsi vahid göstərici ilə deyil, diferensial yanaşma əsasında həyata keçiriləcək. Yüksək məbləğli pensiyalara və pensiya kapitallarına fərqli qaydada yanaşılacaq, aşağı məbləğli pensiyalar və kapitallar isə əvvəlki kimi tam həcmdə indeksləşdiriləcək.

Sənəddə bildirilir ki, dəyişikliklər Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığının gücləndirilməsinə, aşağı məbləğli pensiyaların artırılmasına və minimum pensiya məbləğlərinə mütəmadi yenidən baxılması üçün imkanların genişləndirilməsinə xidmət edəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə