Böyük Azərbaycan maarifçisi Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuatımız cəmiyyətimizin tərəqqisi, xalqımızın ali dəyərlər ətrafında birləşməsi və aydın gələcəyin qurulması naminə yorulmadan fəaliyyət göstərib.
SİA xəbər verir ki, bu sözləri Mətbuat Şurasının IX qurultayında çıxışı zamanı qurultay nümayəndəsi, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli deyib.
O bildirib ki, Ümummilli lider Heydər Əliyev azad sözü demokratik dövlət quruculuğunun mühüm dayağı hesab edərək medianın ictimai rolunu yüksək qiymətləndirib və onun inkişafına xüsusi diqqət göstərib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs yeni inkişaf mərhələsinə qədəm qoyub.
Seyfəddin Hüseynli medianın imkanlarının genişləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əldə olunan irəliləyişlərin bunun bariz göstəricisi olduğunu vurğulayıb.
O qeyd edib ki, bu istiqamətdə həyata keçirilən davamlı islahatlar Azərbaycan mediasının peşəkarlıq səviyyəsini və beynəlxalq nüfuzunu daha da yüksəldəcək.
Qurultay iştirakçılarının mövqeyini ifadə edən Seyfəddin Hüseynli bildirib ki, jurnalistlər dövlət müstəqilliyinin qorunması, milli birliyin möhkəmləndirilməsi və Azərbaycanın həqiqətlərinin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması naminə bundan sonra da peşəkarlıqla çalışacaqlar.
Onun sözlərinə görə, jurnalistlər milli prinsiplərin cəmiyyətdə möhkəmlənməsi, ictimai mühitin sağlamlaşdırılması və ölkəyə qarşı yönələn qərəzli təbliğatın qarşısının alınması üçün bütün təcrübə və bacarıqlarını səfərbər etməyə hazırdırlar.
Seyfəddin Hüseynli vurğulayıb ki, Azərbaycan dövlətçiliyinin əsaslarının qorunması və möhkəmləndirilməsi naminə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da ardıcıl və qətiyyətli səylər göstərəcəklər.
O, dövlətçilik maraqlarına verilən önəmə, xalqa sədaqətlə xidmətə, eləcə də jurnalistlərə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirərək ölkənin tərəqqisi naminə həyata keçirilən fəaliyyətdə yeni uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB