“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın mədəniyyət səfiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sahib Paşazadə Yakutiyada (Rusiya Federasiyası) keçirilən “Şimal şəfəqi” XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib.
Tanınmış tarzən Yakutiya Filarmoniyasında Yakutiya Dövlət Simfonik Orkestri “Simfonika ARТika”nın (dirijor Maksim Noqovisın) müşayiəti ilə “Oxuyan tarın sehri. Sarayın nəfəsi” adlı konsertdə ikihissəli solo proqramla çıxış edib. Gecə ilk olaraq Hacı Xanməmmədovun tar və simfonik orkestr üçün 2 saylı konserti ilə açılıb. Şərq melodiyası ilə Avropa musiqisinin vəhdət təşkil etdiyi bu əsərdən sonra Sahib Paşazadə Səid Rüstəmovun tar alətinin bir növ himni hesab olunan “Oxu, tar” , Həmid Vəkilovun “Şıdırğı” və Ələkbər Tağıyevin “Lirik mahnı” əsərlərini təqdim edib.
Konsertin xüsusi məqamlarından biri tarzənin Azərbaycan musiqi ənənəsinin yeddi əsas muğamından biri olan “Segah” muğamını ifa etməsi olub. Virtuoz tarzənin ifasında V.Montinin məşhur “Çardaş” əsəri isə tarın Avropa musiqisinin nümunələrində də nə qədər məharətlə səslənə bildiyini nümayiş etdirib. Konsertin sonunda Yakutiya Filarmoniyasının direktoru Tuyaara Pestryakova Sahib Paşazadəyə festivalın rəsmi Sertifikatını təqdim edib.
Proqramın ikinci hissəsində Türkiyənin məşhur “Möhtəşəm yüz il” serialının musiqiləri təqdim olunub. Bu hissədə bədii mətnləri Aleksandr Puşkin adına Rus Dram Teatrının aktyoru Şahruz Şepelev səsləndirib.
Yakutiya mətbuatı festivalın bir gününün bütünlüklə Azərbaycan tarına həsr olunduğu və həmin gün “Tarın Paqaninisi” adlandırılan Azərbaycanın Əməkdar artisti Sahib Paşazadənin çıxışı ilə bağlı geniş materiallar təqdim edib.
Qeyd edək ki, Sahib Paşazadənin dünyanın müxtəlif ölkələrində Azərbaycan tarının və milli musiqi ənənələrimizin təbliği istiqamətində həyata keçirdiyi fəaliyyət xüsusi əhəmiyyət daşıyır. Tanınmış tarzənin ifaları vasitəsilə Azərbaycan musiqisinin zənginliyi, tarın bənzərsiz səs imkanları və muğam sənətinin dərinliyi beynəlxalq auditoriyaya təqdim olunur. Onun Yakutiyada Azərbaycan tarının tanıdılması, muğamlarımızın təbliği və yerli dinləyicilərə sevdirilməsi istiqamətində gördüyü işlər də bu baxımdan təqdirəlayiqdir.
Təsadüfi deyil ki, XVI Beynəlxalq Arktika Musiqi Festivalında növbəti dəfə iştirak etmək üçün dəvət alan Sahib Paşazadənin çıxışı bu dəfə də Azərbaycan musiqi mədəniyyətinin təntənəsinə çevrilib. Festivalın bir gününün bütövlükdə Azərbaycan tarına həsr olunması milli musiqi alətimizin beynəlxalq səviyyədə tanıdılması baxımından əlamətdar hadisədir. Yakutiya səhnəsində tarın həm Azərbaycan musiqisinin klassik nümunələrində, həm muğam ifasında, həm də dünya musiqisinin tanınmış əsərlərində səslənməsi bu qədim alətin geniş bədii imkanlarını nümayiş etdirib. Sahib Paşazadənin virtuoz ifası ilə müşayiət olunan bu musiqi görüşü Azərbaycan tarının səsinin yeni dinləyicilərə çatmasına, milli musiqi irsimizə marağın artmasına və mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinə töhfə verib.
Vurğulamaq istərdik ki, bu xidmətlərinə görə Sahib Paşazadə 2022-ci ildə Yakutiyada təşkil edilən “UNESCO şedevrlərinin Olonxo torpağında görüşü” devizi altında ənənəvi festivalda iştirakı zamanı Yakutiya Prezidenti Aysen Nikolayev tərəfindən Yakutiya Respublikasının yaranmasının 100 illiyi münasibətilə təsis edilən xüsusi qızıl medalla təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB