“1993-cü il 15 iyun tarixi Azərbaycanın xaosdan, qarşıdurmadan və vətəndaş müharibəsi təhlükəsindən qurtularaq sabit inkişafa və suveren dövlətçiliyə doğru atdığı mühüm addım günüdür”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, məhz 15 iyun tarixində böyük dövlət xadimi Heydər Əliyev Azərbaycanda baş verən hakimiyyət böhranının və vətəndaş müharibəsinin qarşısını almaq, ölkəmizə qarşı Ermənistan tərəfindən həyata keçirilən təcavüz və işğalçılıq siyasətinə son qoymaq üçün Azərbaycan xalqının tələbi ilə Bakıya dəvət olundu və Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi:
“Bu gündən geriyə, 15 iyun tarixinə nəzər salsaq, görərik ki, həmin tarixdən başlayan inkişaf yolu Azərbaycanı 2020-ci ildə tarixi Zəfərə çatdırdı.
Bu yol uzun, məşəqqətli və çətin oldu. Lakin nəticədə Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi, torpaqlarımızı işğaldan azad etdi və Azərbaycan xalqını məğlub edilmiş xalq statusundan qurtardı.
Qurtuluş Gününün əhəmiyyəti də məhz bundan ibarətdir. Ona görə də biz bu günün əhəmiyyəti haqqında daim danışmalı, 15 iyunla başlayan yeni dövlətçilik mərhələsini gənc nəslə mütəmadi olaraq izah etməliyik. Eyni zamanda, 15 iyunu müstəqil Azərbaycan dövlətçiliyinin ən mühüm əlamətdar günlərindən biri kimi xatırlamalıyıq.
Dövlətdə, cəmiyyətdə və millətdə varislik vacib amillərdən biridir. Məhz milləti və dövləti ayaqda saxlayan əsas məsələlərdən biri onun dövlətçilik dəyərlərinə və dövlətçilik şüuruna sahib çıxmasıdır.
Azərbaycan xalqı güclü dövlətçilik şüuruna malik xalqdır. Buna görə də dövlətimizi ayaqda saxlayan belə tarixi günləri daim yaddaşımızda yaşatmalı və onların əhəmiyyətini hər zaman yeni nəslə çatdırmalıyıq. Belə olduqda yetişən gənc nəsil bu əlamətdar günlərin mahiyyətini daha yaxşı dərk edəcək və gələcəkdə dövlətimizə sahib çıxmağı bacaracaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB