ABŞ-ın neft tankerinə hücumu nəticəsində üç hindistanlı dənizçi həyatını itirib

ABŞ-ın neft tankerinə hücumu nəticəsində üç hindistanlı dənizçi həyatını itirib

Federal nazirin açıqlamasına görə, ABŞ ordusunun Oman körfəzində bir neft tankerinə endirdiyi zərbə nəticəsində itkin düşən üç hindistanlı dənizçi həlak olub.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Palau bayrağı altında üzən MT Settebello tankeri ABŞ hərbçilərinin verdiyi göstərişlərə əməl etməməkdə ittiham edildikdən sonra çərşənbə günü hücuma məruz qalıb. Gəmidə 24 hindistanlı heyət üzvü olub. Onlardan 21-i xilas edilsə də, üç nəfərin həyatını itirdiyi təsdiqlənib.

Hindistanın gəmiçilik naziri Sarbananda Sonowal sosial şəbəkədə paylaşdığı açıqlamada hadisəni “dərin təəssüf doğuran” adlandırıb və həlak olan dənizçilərin cəsədlərinin yaxın vaxtlarda vətənə gətiriləcəyini bildirib.

Hadisədən sonra Hindistan hökuməti Dehlidəki ABŞ diplomatik missiyasının nümayəndəsini izahat vermək üçün çağırıb.

ABŞ ordusu isə MT Settebello tankerini İrandan neft daşımaqla ABŞ-ın tətbiq etdiyi məhdudiyyətləri pozmaqda ittiham edib.

ABŞ Mərkəzi Komandanlığının açıqlamasında bildirilib ki, ekipajın dəfələrlə verilən göstərişlərə əməl etməməsindən sonra tankerin mühərrik bölməsinə “dəqiq idarə olunan sursatlarla” zərbə endirilib.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə