"Nağdsız ödənişlərin üstünlükləri və təhlükəsizlik məsələləri" - İQTİSADÇI DANIŞDI
Nağdsız ödənişlərin genişlənməsi müasir iqtisadiyyatın əsas inkişaf istiqamətlərindən biridir. Bu sistem həm vətəndaşlar, həm də dövlət üçün bir sıra mühüm üstünlüklər yaradır. İlk növbədə, nağdsız ödənişlər sürət və rahatlıq təmin edir, vətəndaşların üzərində böyük məbləğdə nağd pul daşımaq ehtiyacını azaldır. Bundan əlavə, bütün əməliyyatların elektron qaydada qeydə alınması maliyyə şəffaflığını artırır, kölgə iqtisadiyyatının həcminin azalmasına və vergidən yayınma hallarının qarşısının alınmasına müsbət təsir göstərir. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov səsləndirib.

Onun sözlərinə görə, nağdsız ödənişlərin digər mühüm üstünlüyü maliyyə xidmətlərinə çıxış imkanlarının genişlənməsidir: "Vətəndaşlar bank tətbiqləri vasitəsilə hesablarını idarə edə, ödənişlərini həyata keçirə və maliyyə əməliyyatlarını daha rahat izləyə bilirlər. Bu isə şəxsi maliyyə intizamının formalaşmasına və maliyyə savadlılığının yüksəlməsinə töhfə verir.
Ekspert qeyd edib ki, bütün üstünlüklərinə baxmayaraq, nağdsız ödənişlər müəyyən risklər də yaradır. Əsas təhlükələrdən biri kiberdələduzluq və məlumat oğurluğudur. Son illərdə fişinq hücumları, saxta zənglər, saxta internet səhifələri və müxtəlif sosial mühəndislik üsulları vasitəsilə vətəndaşların kart məlumatlarını ələ keçirməyə çalışan halların sayı artıb. Bundan əlavə, texniki nasazlıqlar və ya internetə çıxışla bağlı problemlər bəzi hallarda ödənişlərin həyata keçirilməsində çətinliklər yarada bilir.
Kart məlumatlarının təhlükəsizliyinin təmin olunması üçün vətəndaşlar bir sıra vacib qaydalara əməl etməlidirlər. İlk növbədə, kartın PIN kodu, CVV kodu, SMS vasitəsilə göndərilən birdəfəlik təsdiq kodları və internet-bankçılıq şifrələri heç bir halda üçüncü şəxslərlə paylaşılmamalıdır. Unutmaq olmaz ki, bank əməkdaşları da daxil olmaqla heç bir rəsmi qurum bu məlumatları telefon zəngi və ya mesaj vasitəsilə tələb etmir. Belə məlumatları istəyən şəxslər əksər hallarda dələduzlar olur. Buna görə də vətəndaşlar daim diqqətli və ehtiyatlı davranmalıdırlar.
Mütəxəssislər yalnız etibarlı internet saytlarında ödəniş etməyi, iki mərhələli identifikasiya sistemindən istifadə etməyi, mobil bank tətbiqlərində əməliyyat bildirişlərini aktivləşdirməyi və kart hesabını mütəmadi nəzarətdə saxlamağı tövsiyə edirlər. Şübhəli əməliyyat aşkar edildiyi təqdirdə isə dərhal bankla əlaqə saxlanmalı və kart bloklaşdırılmalıdır.
Nəticə etibarilə, nağdsız ödənişlər müasir iqtisadiyyatın ayrılmaz hissəsinə çevrilib və həm iqtisadi inkişaf, həm də maliyyə şəffaflığının təmin olunması baxımından mühüm rol oynayır. Lakin bu sistemin üstünlüklərindən maksimum səviyyədə yararlanmaq üçün vətəndaşların rəqəmsal maliyyə savadlılığının artırılması və təhlükəsizlik qaydalarına ciddi əməl etməsi böyük əhəmiyyət daşıyır".
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB