"Şuşa Bəyannaməsi regional əməkdaşlığın strateji əsasını gücləndirən mühüm sənəddir" - ŞƏRH
"Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında iki qardaş ölkənin siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığını daha da möhkəmləndirən mühüm tarixi sənəddir".
Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, bu bəyannamənin məhz Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra imzalanması xüsusi əhəmiyyət daşıyır və regionda sülh, sabitlik və əməkdaşlıq istiqamətində formalaşan yeni siyasi iradənin göstəricisidir: "Bu gün dünyada mürəkkəb geosiyasi proseslər, iqtisadi çətinliklər və müxtəlif təhlükəsizlik çağırışları müşahidə olunur. Belə bir şəraitdə hər bir dövlətin öz təhlükəsizliyini təmin etməsi, milli maraqlarını qoruması və vətəndaşlarının rifahını yüksəltməsi xüsusi əhəmiyyət kəsb edir. Regionumuzda və dünyada baş verən hadisələr göstərir ki, dövlətlər arasında etibarlı tərəfdaşlıq və qarşılıqlı dəstək mühüm amillərdəndir.
Azərbaycan və Türkiyə “bir millət, iki dövlət” prinsipi əsasında öz təhlükəsizliklərini və strateji maraqlarını birgə qorumaq barədə qərar qəbul etmiş, bunu Şuşa Bəyannaməsi ilə rəsmiləşdirmişlər. Bəyannamənin hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunması onun hüquqi və siyasi əhəmiyyətini daha da artırır və sənədə beynəlxalq-siyasi legitimlik qazandırır. Bu sənəd gələcək nəsillər üçün də təhlükəsizlik, əməkdaşlıq və qarşılıqlı dəstək baxımından mühüm zəmanət rolunu oynayır.
Şuşa Bəyannaməsi yalnız Azərbaycan və Türkiyə üçün deyil, eyni zamanda regionda əməkdaşlığın inkişafına maraq göstərən digər dövlətlər, xüsusilə də Türk Dövlətləri Təşkilatına üzv ölkələr üçün də əhəmiyyətli nümunə kimi çıxış edir. Bu sənəd qardaşlıq, qarşılıqlı etimad və strateji tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm rol oynayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB