“Spred” yazılan məhsullar kərə yağı sayılmır - EKSPERT DANIŞDI

“Spred” yazılan məhsullar kərə yağı sayılmır - EKSPERT DANIŞDI

“İstehlakçıların qida məhsulları alarkən etiket məlumatlarını diqqətlə oxuması olduqca vacibdir. Xüsusilə kərə yağı seçərkən məhsulun hansı xammaldan hazırlandığı əsas göstərici kimi qiymətləndirilməlidir. Təmiz kərə yağı yalnız süd xammalından istehsal olunur və onun yağlılıq faizi adətən 82–83% olur. Bu göstəricidən aşağı olan məhsullarda çox vaxt bitki yağlarının qatılma ehtimalı daha yüksək hesab edilir”.
Bu sözləri SİA-ya açıqlamasında qida üzrə ekspert Ağa Salamov bildirib.

Onun sözlərinə görə , istehlakçılar etiketdə “hidrogenləşdirilmiş yağ” ifadəsi olan məhsullardan çəkinməlidirlər:

” Bu termin əsasən marqarin və marqarin tərkibli yağ məhsullarını bildirir və onların uzunmüddətli istifadəsi sağlamlıq üçün risk yarada bilər. Eyni zamanda “spred” yazılan məhsullar da kərə yağı sayılmır və daha çox ucuz yağ qarışıqları kimi qəbul edilir. Təəssüf ki, bəzi hallarda bu məhsullar kərə yağı adı ilə satışa çıxarılır və düzgün seçim etmək istehlakçının üzərinə düşür.

Bəzən bazarda “nehrə yağı” adı ilə, lakin etiketsiz məhsullara da rast gəlinir. Kənd təsərrüfatı məhsullarının bir hissəsi qeyri-rəsmi şəkildə satışa çıxdığı üçün tam etiketlənmir. Bu isə həm istehlakçı hüquqlarının qorunması, həm də məhsulun keyfiyyətinə nəzarət baxımından müəyyən risklər yaradır.

Bu səbəbdən kənd şəraitində hazırlanan məhsulların brendləşdirilməsi və rəsmi qaydada leqallaşdırılması vacib hesab olunur. Kərə yağı istehsalı ilə məşğul olan şəxslərə texniki və maddi dəstək göstərilməsi, sanitar-gigiyenik tələblərə uyğun kiçik istehsal müəssisələrinin yaradılması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda dövlət qurumları tərəfindən bu məhsulların keyfiyyətinə mütəmadi nəzarət mexanizminin qurulması vacibdir.

Belə yanaşma kənd təsərrüfatı məhsullarının mərkəzləşdirilmiş şəkildə bazara çıxarılmasına şərait yaradar, həm kənd əhalisinin gəlirlərini artırar, həm də idxaldan asılılığı azalda bilər. Nəticədə bu siyasət qida təhlükəsizliyinin güclənməsinə və milli iqtisadiyyatın inkişafına müsbət təsir göstərər”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə