Sosial şəbəkələrdə satılan hazır dietik qidaların hansı zərərləri var? - AÇIQLANDI

Sosial şəbəkələrdə satılan hazır dietik qidaların hansı zərərləri var? - AÇIQLANDI

Son dövrlərdə sosial şəbəkələr üzərindən müxtəlif "dietik", "fit", "şəkərsiz" və ya "arıqladan" adı altında hazır qidaların satışı geniş yayılıb. Lakin istehlakçılar bu məhsulları alarkən ehtiyatlı olmalıdırlar.
Əsas problem ondan ibarətdir ki, sosial şəbəkələrdə satılan qidaların bir çoxunun hazırlanma şəraiti, istifadə olunan xammalın keyfiyyəti, saxlanma temperaturu və gigiyenik normalara nə dərəcədə əməl olunduğu məlum olmur. Bu isə qida zəhərlənmələri və mədə-bağırsaq problemləri riskini artıra bilər.
Bundan əlavə, "dietik" adı həmin məhsulun hər kəs üçün sağlam və ya arıqladıcı olması demək deyil. Bəzi hallarda şəkər azaldılsa da, məhsulun kalorisi yüksək ola bilər və ya tərkibində çoxlu yağ, duz və müxtəlif əlavələr mövcud ola bilər. Nəticədə insan gözlədiyinin əksinə olaraq çəki artımı ilə də qarşılaşa bilər.

Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.

O bildirib ki, xüsusilə xroniki xəstəlikləri olan şəxslər, şəkərli diabet, böyrək, qaraciyər və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar belə məhsulları həkim və ya dietoloq məsləhəti olmadan qəbul etməməlidirlər:

“İstehlakçılara tövsiyə olunur ki, qidanın tərkibi, hazırlanma tarixi, saxlanma şəraiti və istehsalçı haqqında məlumat olmayan məhsullardan uzaq dursunlar. Sağlam qidalanmanın əsas prinsipi "dietik" etiketinə deyil, məhsulun tərkibinə və keyfiyyətinə diqqət yetirməkdir.

Unutmaq olmaz ki, heç bir hazır məhsul və ya "möcüzəvi dietik qida" balanslı qidalanma və sağlam həyat tərzini əvəz edə bilməz”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə