Paşinyan Samvel Karapetyana və “Güclü Ermənistan” partiyasına qarşı məhkəmə iddiaları qaldırıb

Paşinyan Samvel Karapetyana və “Güclü Ermənistan” partiyasına qarşı məhkəmə iddiaları qaldırıb

Ermənistanın Baş naziri Nikol Paşinyan iş adamı Samvel Karapetyana və “Güclü Ermənistan” partiyasına qarşı iki ayrı məhkəmə iddiası qaldırıb. Baş nazir hər iki iş üzrə böhtan xarakterli hesab etdiyi məlumatların açıq şəkildə təkzib olunmasını və 6 milyon dram məbləğində təzminat ödənilməsini tələb edir. Beləliklə, Paşinyanın ümumi tələbi 12 milyon dram təşkil edir.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Samvel Karapetyana qarşı qaldırılan iddia onun 25 may 2026-cı il tarixli açıqlamasına əsaslanır. Həmin açıqlamada Karapetyan Nikol Paşinyanın Kanadada evi olduğunu iddia edib. Baş nazir məhkəmədən bu məlumatın rəsmi şəkildə təkzib olunmasını tələb edir.

İddia ərizəsində qeyd olunur ki, Samvel Karapetyan aşağıdakı məzmunda təkzib verməlidir:

“25 may 2026-cı il tarixində mən, Samvel Sarkisyan Karapetyan, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Kanadada evi olduğu barədə məlumat yaymışam. Bununla bəyan edirəm ki, həmin məlumat Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana qarşı böhtan xarakteri daşıyır, yalandır və həqiqətə uyğun deyil.”

Paşinyan həmçinin tələb edir ki, bu təkzib “25 may 2026-cı il tarixində verdiyim müsahibə zamanı Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan haqqında yaydığım böhtan xarakterli məlumatlarla bağlı təkzib” başlığı altında, ən azı 200 min abunəçisi olan üç YouTube media kanalında canlı yayım vasitəsilə səsləndirilsin.

Baş nazirin “Güclü Ermənistan” partiyasına qarşı qaldırdığı iddia isə partiyanın 27 may 2026-cı ildə sosial media səhifəsində yaydığı məlumatla bağlıdır. Həmin paylaşımda Nikol Paşinyanın 300 min azərbaycanlının Ermənistana gətiriləcəyini təsdiqlədiyi iddia olunub.

Paşinyan bu məlumatın da böhtan xarakterli olduğunu bildirərək aşağıdakı məzmunda təkzib tələb edir:

“27 may 2026-cı il tarixində ‘Güclü Ermənistan’ partiyası Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın 300 min azərbaycanlının Ermənistana gətiriləcəyini təsdiqlədiyi barədə məlumat yayıb. Bununla bildiririk ki, həmin məlumat Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana qarşı böhtan xarakteri daşıyır, yalandır və həqiqətə uyğun deyil.”

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə