“İdeoloji təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilməlidir” - Muxtar Nağıyev
Yeni Azərbaycan Partiyasının VIII qurultayı həm partiyanın son beşillik fəaliyyətinə verilən qiymət, həm də qarşıdakı dövr üçün əsas vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
SİA xəbər verir ki, bu barədə YAP Səbail rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı keçirilən müşavirədə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev deyib.
O bildirib ki, qurultayda partiyanın hesabatı təqdim olunub, Prezident İlham Əliyev geniş və məzmunlu çıxış edərək partiya, xalq və dövlət üçün mühüm əhəmiyyət daşıyan məsələlərə toxunub. Muxtar Nağıyevin sözlərinə görə, dövlət başçısının çıxışında həm partiyanın və onun üzvlərinin, həm də bütövlükdə cəmiyyətin qarşısında mühüm vəzifələr müəyyənləşdirilib.
YAP Səbail rayon təşkilatının sədri qeyd edib ki, VIII qurultay Azərbaycanın siyasi həyatında mühüm hadisədir. Onun sözlərinə görə, partiyanın fəaliyyəti, qurultayda qəbul edilən qərarlar və müəyyənləşdirilən siyasi xətt ölkənin siyasi həyatında əhəmiyyətli rol oynayır.
Muxtar Nağıyev bildirib ki, Prezident İlham Əliyevin çıxışında VIII qurultayın Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay olduğu xüsusi qeyd edilib. O vurğulayıb ki, bu mərhələdə dövlət siyasəti, siyasi qərarlar və xalqın vahid mövqe ətrafında birləşməsi mühüm amillərdən olub.
O qeyd edib ki, Prezidentin çıxışında Azərbaycanın əldə etdiyi uğurların siyasi əsaslarının YAP-ın 21 noyabr 1992-ci ildə keçirilmiş təsis qurultayından başladığı diqqətə çatdırılıb. Muxtar Nağıyev Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil etdiyini və YAP-ın yaradılmasının ölkənin siyasi həyatında əhəmiyyətli hadisə olduğunu bildirib.
YAP Səbail rayon təşkilatının sədri çıxışında ideoloji təhlükəsizlik məsələsinə də xüsusi diqqət yetirib. O bildirib ki, müxtəlif ideoloji təxribatlar həm ölkə daxilində, həm də xaricdən qaynaqlana bilər və bu risklərin vaxtında müəyyənləşdirilməsi, qarşısının alınması mühüm vəzifələrdəndir.
Muxtar Nağıyev vurğulayıb ki, müasir dövrdə internet, informasiya texnologiyaları və süni intellektin geniş yayılması müxtəlif ideoloji təsirlərin daha sürətlə yayılmasına şərait yaradır. Onun sözlərinə görə, bu baxımdan cəmiyyətin informasiya və ideoloji təhlükəsizliyinin qorunması xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, ideoloji risklərə qarşı mübarizədə təhsilin rolu böyükdür. Təhsilli, bilikli və savadlı cəmiyyətin yanlış məlumatlara, yalanlara və zərərli ideoloji təsirlərə daha az həssas olduğunu bildirən Muxtar Nağıyev analitik düşüncənin inkişafının da mühüm amil olduğunu vurğulayıb.
Muxtar Nağıyev vətənpərvərliyin də bu istiqamətdə mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, gənc nəslin yüksək təhsil alması ilə yanaşı, milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişdirilməsi vacibdir.
“İdeoloji məkanımız müxtəlif yad təsirlərdən qorunmalı, cəmiyyətin informasiya və ideoloji təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirilməlidir”, - deyə Muxtar Nağıyev əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB