Görülən tədbirlər nəticəsində ölkədə işsizlik səviyyəsinin sabit saxlanılmasına nail olunub, bu göstərici 5 faiz civarında dəyişməz olaraq qalıb. Əmək və Məşğulluq Alt Sisteminin məlumatlarına əsasən, ölkə üzrə əmək müqavilələrinin sayı ötən ilin eyni dövrünə nisbətən 1,2 faiz artıb.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
Nazir vurğulayıb ki, ötən ilin eyni dövrü ilə müqayisədə özəl sektorda əmək müqavilələrinin sayı 5,8 faiz və ya 59 min artıb. Həmçinin Əmək və Məşğulluq Alt Sisteminin məlumatlarına əsasən, ölkə üzrə əməkhaqqı fondu da 8,5 faiz yüksəlib. Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlara əsasən isə cari ilin yanvar–iyun aylarında 52,2 min yeni iş yeri açılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çoxdur.
Anar Əliyev 2027-ci ildə işsizlikdən sığorta fondunun gəlirlərinin 268,9 milyon manat həcmində nəzərdə tutulduğunu deyib: “Bu 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 30,6 milyon manat və ya 12,8 faiz çoxdur.
“İşsizlikdən sığorta fondunun gəlirləri işsizlikdən sığorta haqları hesabına formalaşır ki, 2026-cı ilin təsdiq edilmiş göstəricisinə nisbətdə 2027-ci il üçün sığorta haqları üzrə daxilolma 30,6 milyon manat və ya 12,9 faiz çox proqnoz edilib. Sığorta haqları üzrə yığımın 77,7 faizi qeyri-büdcə sektorunun payına düşəcək.
Fondun 2027-ci il üzrə xərclərinin isə 319,2 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da cari ilin təsdiqlənmiş göstəricisindən 52,8 milyon manat və ya 19,8 faiz çoxdur. Yəni, 2027-ci ildə işsizlikdən sığorta fondunun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir. O cümlədən, 173 min şəxsin işlə təmin olunması, 14,5 min şəxsin özünüməşğulluq proqramına, 18,5 min şəxsin peşə hazırlığına cəlb olunması, 230 min şəxsə isə peşəyönümü məsləhət xidmətləri göstərilməsi proqnozlaşdırılır.
Əlavə olaraq, 2027-ci il ərzində 15,6 min şəxsə işsizlikdən sığorta ödənişinin təyin edilməsi planlaşdırılıb”, - deyə nazir əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB