DSMF-nin 2027-ci ildə gəlirlərinin 9,2 milyard manatı ötəcəyi proqnozlaşdırılır - Anar Əliyev
Dövlət sosial müdafiə fondunun 2027-ci il üçün gəlirləri 9 milyard 221 milyon manat nəzərdə tutulub ki, bu da 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 897,4 milyon manat və ya 10,8 faiz çoxdur. Fondun 2027-ci il üçün gəlirlərinin 82,3 faiz və ya 7 milyard 587 milyon manatının MDSS daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin təsdiq edilmiş göstəricisindən 995,4 milyon manat və ya 15,1 faiz yüksəkdir.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O qeyd edib ki, büdcədən maliyyələşən təşkilatlar üzrə 2027-ci il üçün daxilolmalar 2,5 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 5,1 milyard manat proqnozlaşdırılır. 2027-ci ildə sığorta-pensiya sistemində dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1,6 milyard manat həcmində proqnozlaşdırılır ki, bu da 2026-cı il üzrə təsdiqlənmiş müvafiq göstəricidən 100 milyon manat və ya 5,9 faiz azdır.
“Dövlət büdcəsindən ayrılan bu vəsaitin DSMF-nin gəlirlərindəki payının 2017-ci ildəki 38 faizdən gələn il 17,4 faizə düşməsi proqnozlaşdırılır. Bu, Fondun özünümaliyyələşdirmə qabiliyyətinin davamlı olaraq artdığını göstərir.
Həmçinin Fondun 2027-cı il üzrə ümumi xərclərinin 9 milyard 273 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da 2026-cı il üzrə təsdiq olunmuş xərclərindən 789,5 milyon manat və ya 9,3 faiz çoxdur.
Xərclərin 96,5 faiz və ya 8 milyard 950 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Bu göstərici 2025-ci illə müqayisədə 1,7 milyard manat, 2026-cı illə müqayisədə isə 753,6 milyon manat çoxdur. Gələn il əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə pensiyaların orta məbləğinin 680 manat, gələn ilin orta aylıq əməkhaqqına nisbətdə isə 50 faiz, yaşa görə pensiyada isə 53 faiz olması proqnozlaşdırılır”, - deyə nazir bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB