Qışda avtomobillərin texniki xidmət xərcləri niyə artır? - RƏY

Qışda avtomobillərin texniki xidmət xərcləri niyə artır? - RƏY

Qış fəslinə yaxınlaşdıqca avtomobillərin saxlanma və texniki xidmət xərcləri artır. Bunun səbəbi avtomobillərdə mövcud olan bəzi nasazlıqların yay aylarında ciddi problem yaratmasa da, qışda təhlükəsizlik baxımından riskə çevrilməsidir.

Bu sözləri SİA-ya avtomobil ustası Sahil Ağabəyli deyib.


O bildirib ki, avtomobilin ön hissəsində, yəni peredokunda və ya arxa asqı sistemində hər hansı nasazlıq varsa, yay aylarında sürücülər bəzən bu problemlərin aradan qaldırılmasını təxirə sala bilirlər. Belə avtomobillə bir neçə yüz, hətta bir neçə min kilometr yol qət etmək mümkün olur. Lakin qış aylarında bu nasazlıqları mütləq aradan qaldırmaq lazımdır:

“Çünki quru asfalt örtüyündə hərəkət zamanı avtomobilin sağa və ya sola yönəlməsi ehtimalı nisbətən az olsa da, qarlı, buzlu və yağışlı havalarda vəziyyət dəyişir. Belə şəraitdə avtomobil sağa-sola sürüşməyə daha meyilli olur. Hətta bir neçə santimetr kənara sürüşmə belə avtomobilin yolun kənarına çıxmasına və qəza ilə nəticələnməsinə səbəb ola bilər.

Ona görə də qış fəslinə hazırlaşarkən avtomobilin texniki vəziyyətinə xüsusi diqqət yetirmək lazımdır. İlk növbədə, təkərləri yeniləmək vacibdir. Bu, mütləq qış təkərlərindən istifadə edilməli olduğu anlamına gəlmir. Qış təkərləri olmasa belə, mövcud təkərlərin vəziyyəti yoxlanılmalı və zərurət yarandıqda yeniləri ilə əvəz edilməlidir.

Bundan başqa, antifrizi, yəni mühərrikin soyutma sistemində istifadə olunan donmaya qarşı mayeni dəyişmək lazımdır. Şüşəsilən sistemin mayesinə də donmaya qarşı xüsusiyyətə malik məhsul əlavə edilməlidir ki, soyuq havada donmasın. Eyni zamanda, şüşəsilən fırçalarının yenilənməsi də vacibdir.

Mühərrik yağının dəyişdirilməsinə də diqqət yetirilməlidir. Qış aylarında yağın dəyişdirilməsi üçün 7-10 min kilometr məsafənin tamamlanmasını gözləmək məsləhət deyil. Yağı maksimum 5 min kilometrdən bir dəyişmək lazımdır. Çünki yağın qatılığı və özlülüyü azaldıqda mühərrik səhərlər gec işə düşə bilər.

Bununla yanaşı, avtomobilin qapı cəftələri və kilid mexanizmləri yağlanmalıdır ki, soyuq havalarda donma problemi yaranmasın.

Bütün bu məqamlara diqqət yetirmək vacibdir. Qış aylarında avtomobil tam saz vəziyyətdə olmalıdır ki, qarlı və buzlu yollarda sürüşmə baş verməsin, nəqliyyat vasitəsi idarəetmədən çıxaraq qəzalara səbəb olmasın”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə