"Dayanıqlı sülh üçün Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi vacibdir" - POLİTOLOQ

"Dayanıqlı sülh üçün Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi vacibdir" - POLİTOLOQ

"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması və qüvvəyə minməsi üçün ilk növbədə Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi məsələsi həll olunmalıdır. Azərbaycan bu tələbi dəfələrlə irəli sürüb və bu gün də həmin dəyişikliyin həyata keçirilməsini gözləyir. Çünki Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalar qaldığı müddətdə sülh sazişinin gələcəkdə dayanıqlı olacağına zəmanət yoxdur".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Politoloqun sözlərinə görə, müəyyən müddətdən sonra Ermənistanda hakimiyyətə millətçi qüvvələr gələ bilər. Onlar yenidən Konstitusiyanın həmin müddəalarını əsas götürərək Azərbaycana qarşı mənfi addımlar ata və ərazi iddialarını gündəmə gətirə bilərlər. Ona görə də bu məsələnin həlli hazırda olduqca vacibdir:

"Burada, təbii ki, milli maraqlardan söhbət gedir. Azərbaycanın milli maraqları və gələcəyi ölkəmiz üçün son dərəcə mühüm əhəmiyyət daşıyır. Azərbaycan regional baxımdan artıq Cənubi Qafqazın güclü dövlətlərindən birinə çevrilib. Bu baxımdan milli maraqların qorunması xüsusi önəm kəsb edir.

Milli maraqların gələcəkdə həm iqtisadi, həm də siyasi baxımdan inkişafı üçün regionda mütləq sülh təmin olunmalıdır. Bu sülhün əsas şərtlərindən biri isə Ermənistanla sülh sazişinin imzalanmasıdır. Eyni zamanda, Orta Dəhlizin və digər regional layihələrin normal fəaliyyət göstərməsi, işlək vəziyyətə gətirilməsi vacibdir. Bütün bunların təmin olunması üçün Ermənistanla bağlı hazırkı proseslər yekunlaşmalı və regionda davamlı sülh bərqərar olmalıdır.

Bir daha qeyd edim ki, bu məsələdə milli maraqlarımız, ilk növbədə, Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsini tələb edir. Çünki Azərbaycanın əsas milli maraqlarından biri gələcəkdə heç kimin ölkəmizin ərazilərinə qarşı iddia irəli sürməməsidir.

Sülh sazişinin imzalanması istiqamətində Azərbaycanın bütün zəruri addımları atdığını görürük. Bildiyiniz kimi, saziş artıq paraflanıb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Ermənistan tərəfindən də müəyyən addımlar atılır. Belə ki, Paşinyan bir neçə dəfə bəyan edib ki, sülh sazişinin imzalanması üçün Konstitusiyada müvafiq dəyişikliklər edilməlidir. Təkcə Paşinyan deyil, digər Ermənistan rəsmiləri də Konstitusiya dəyişikliyi olmadan sülhün mümkünlüyü məsələsini müxtəlif formalarda gündəmə gətiriblər.

Lakin bu yanaşma Azərbaycanın milli maraqlarına uyğun olmadığı üçün qəbul edilə bilməz. Çünki biz torpaqlarımızın yenidən işğal olunmasına və ikinci dəfə belə bir müharibə ilə üzləşməyə imkan vermək istəmirik. Buna görə də milli maraqlarımıza uyğun əsas tələb Ermənistan Konstitusiyasında ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması və bundan sonra sülh sazişinin imzalanmasıdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə