"Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər" - OFTOLMOLOQ
"Bu əlamətlər dünya əhalisinin çox böyük bir hissəsində, bəlkə də dünya əhalisinin yarısında və ya daha artıq qismində müşahidə olunur. Bununla belə, dəqiq statistika məlum olmadığı üçün konkret rəqəm söyləmək mümkün deyil".
Bu fikirləri SİA-ya açıqlamasında Professor, Tibb universitetinin oftalmologiya kafedrasının müdiri Paşa Qəlbinur deyib.

Onun sözlərinə görə, bu problemin yaranmasına təsir göstərən amillərdən biri də ekoloji dəyişikliklərdir. Təbiətin və atmosferin çirklənməsi, havanın keyfiyyətinin pisləşməsi və insan sağlamlığına zərər verən digər müasir həyat şəraiti müxtəlif sağlamlıq problemlərinə səbəb olur:
"Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər. Bu vəziyyət gündəlik dildə quru göz, tibbdə isə quru göz sindromu adlanır.
Quru göz sindromu zamanı gözdə yerləşən böyük və kiçik göz yaşı vəzilərinin fəaliyyəti zəifləyə, göz yaşı ifrazı azala bilər. Nəticədə göz səthinin kifayət qədər nəmlənməsi təmin olunmur. Göz quruduqda buynuz qişa ilə göz qapaqları arasında sürtünmə artır və müxtəlif narahatlıq əlamətləri meydana çıxır.
Quru göz sindromunun müalicəsində çoxsaylı nəmləndirici vasitələrdən, xüsusilə süni göz yaşı preparatlarından istifadə olunur. Bu preparatlar apteklərdə satılır və göz yaşı çatışmazlığının yaratdığı quruluğu aradan qaldırmağa kömək edir. Belə əlamətləri olan insanlar həkim məsləhəti ilə süni göz yaşı damcılarından istifadə edə bilərlər.
Bu, geniş dinləyici auditoriyası üçün quru göz sindromunun sadə izahıdır. Əslində isə problemin yaranma səbəbləri və müalicə üsulları daha genişdir.
Quru göz əlamətləri uzun müddət davam etdikdə və müalicəyə diqqət yetirilmədikdə buynuz qişanın müxtəlif xəstəlikləri yarana bilər. Bu isə gözün əsas funksiyasına — görməyə mənfi təsir göstərə, görmə qabiliyyətinin zəifləməsinə səbəb ola bilər.
Ona görə də gözlərdə quruluq və digər narahatlıq əlamətləri müşahidə edildikdə ən doğru addım peşəkar göz həkiminə — oftalmoloqa müraciət etməkdir. Xalq arasında da belə bir deyim var: “Gözlə zarafat etmək olmaz”. Ümumiyyətlə, insan öz sağlamlığına qarşı hər zaman diqqətli olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB