"Regionların iqtisadi inkişafı üçün yeni proqram və layihələr həyata keçiriləcək" - ŞƏRH EDİLDİ
"Şuşanın və işğaldan azad olunmuş digər ərazilərin sakinlərinin öz doğma yurdlarına qayıdışı strateji baxımdan çox mühüm hadisədir. Çünki həmin ərazilərdə yerli əhalinin məskunlaşması bölgənin təhlükəsizliyinin təmin olunması baxımından da böyük əhəmiyyət daşıyır".
Bu sözləri SİA-ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, əhalinin doğma torpaqlarına qayıtması həmin ərazilərdə həyatın bərpasına, sosial mühitin formalaşmasına və regionun təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Bu baxımdan, sakinlərin öz yurdlarına qayıdışı regionun təhlükəsizliyinin əsas təminatlarından biridir:
"Bundan başqa, həmin ərazilərdə yeni şəhərlərin salınması və perspektivli iş imkanlarının yaradılması ölkədə işsizlik səviyyəsinin azalmasına da müsbət təsir göstərə bilər. Yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun qurulması, müəssisələrin və xidmət sahələrinin fəaliyyətə başlaması əhalinin məşğulluğunun artırılması üçün əlavə imkanlar yaradacaq. Eyni zamanda, regionların iqtisadi inkişafı məqsədilə yeni proqram və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Hesab edirəm ki, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təkcə həmin ərazilərin deyil, bütövlükdə ölkənin inkişafına da çox mühüm töhfə verəcək. Bu proses həm bölgələrin iqtisadi potensialının üzə çıxarılmasına, həm də əhalinin sosial rifahının yaxşılaşdırılmasına şərait yaradacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB