"Zəfərin geosiyasi nəticələri regionda davamlı sülhün təmin olunması ilə bağlıdır" - TARİXÇİ DANIŞDI

"Zəfərin geosiyasi nəticələri regionda davamlı sülhün təmin olunması ilə bağlıdır" - TARİXÇİ DANIŞDI

"Azərbaycanın tarixi Qələbəsi yalnız milli tariximizin şanlı səhifəsi deyil, həm də ölkəmizin gələcək geosiyasi inkişaf istiqamətini müəyyən edən strateji dönüş nöqtəsidir. Bu Qələbə Azərbaycanın regional liderlik imkanlarını genişləndirmiş, beynəlxalq nüfuzunu yüksəltmiş və Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının formalaşmasına şərait yaratmışdır"

Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, Azərbaycanın tarixi Qələbəsi ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsində, regional və qlobal siyasətdə nüfuzunun artmasında mühüm dönüş nöqtəsi olmuşdur. Bu Qələbə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməklə yanaşı, beynəlxalq münasibətlər sistemində yeni siyasi reallıqların formalaşmasına da təkan vermişdir. Eyni zamanda, regionda yeni siyasi reallıqlar yaradaraq Azərbaycanın gələcək inkişaf strategiyasının və geosiyasi mövqeyinin möhkəm təməlini qoymuşdur:

"Zəfər Günündən sonra Azərbaycanın beynəlxalq nüfuzunun və Cənubi Qafqaz regionundakı geosiyasi mövqeyinin əhəmiyyətli dərəcədə gücləndiyini müşahidə edirik. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də regionda yeni siyasi reallıqların formalaşmasının əsasını qoydu.

Azərbaycanın tarixi Qələbəsi Cənubi Qafqazda əvvəlki geosiyasi status-kvonun dəyişməsinə və yeni siyasi güc balansının yaranmasına təkan vermişdir. Bu yeni reallıq Azərbaycanın regional mövqeyini gücləndirməklə yanaşı, regionda davamlı sülhün, iqtisadi əməkdaşlığın və strateji tərəfdaşlığın inkişafı üçün yeni imkanlar yaratmışdır.

Azərbaycan bu gün regionda müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən güclü dövlət kimi çıxış edir.

Tarixi Qələbə Azərbaycanın beynəlxalq münasibətlər sistemində siyasi çəkisini artırdı. Ölkəmizin ərazi bütövlüyünü təmin etməsi beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələlərini yenidən gündəmə gətirdi.

Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsində bir sıra amillər xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz daha təşəbbüskar xarici siyasət həyata keçirməyə başladı, Türkiyə ilə müttəfiqlik münasibətləri daha da möhkəmləndi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artdı. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda ölkəmizin fəallığı yüksəldi, müxtəlif güc mərkəzləri ilə münasibətləri milli maraqlar əsasında balanslaşdırmaq imkanları genişləndi.

Türkiyə–Azərbaycan strateji müttəfiqliyi iki qardaş ölkə arasında tarixi, milli, siyasi və mənəvi bağlara əsaslanan münasibətlərin ən yüksək səviyyəsidir. “Bir millət, iki dövlət” fəlsəfəsi bu əlaqələrin ideoloji təməlini təşkil etməklə yanaşı, regional və beynəlxalq siyasətdə mühüm strateji amilə çevrilmişdir.

Türkiyə və Azərbaycan beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də, Türk Dövlətləri Təşkilatında və digər platformalarda qarşılıqlı dəstək nümayiş etdirərək milli maraqların müdafiəsi və beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərirlər.

Hərbi sahədə əməkdaşlıq, birgə təlimlər, müdafiə sənayesi üzrə tərəfdaşlıq və təhlükəsizlik sahəsində koordinasiya regionda sabitliyin qorunmasına, müdafiə qabiliyyətinin artırılmasına və yeni geosiyasi reallıqlara uyğunlaşmağa xidmət edir.

44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək strateji müttəfiqliyin əhəmiyyətini bir daha nümayiş etdirdi. Şuşa Bəyannaməsi ilə bu münasibətlər müttəfiqlik səviyyəsində daha da möhkəmləndirildi.

Bakı–Tbilisi–Ceyhan, TANAP və digər transmilli layihələr Türkiyə ilə Azərbaycanın enerji təhlükəsizliyində və Avropanın enerji təchizatının şaxələndirilməsində rolunu artırır. Orta Dəhliz isə iki ölkənin tranzit və logistika imkanlarını genişləndirir. Türkiyə–Azərbaycan münasibətləri Türk Dövlətləri Təşkilatının inkişafında, türk dövlətləri arasında iqtisadi, mədəni və siyasi inteqrasiyanın dərinləşməsində aparıcı qüvvədir.

Bu gün Orta Dəhliz, Şimal–Cənub Nəqliyyat Dəhlizi və Zəngəzur istiqamətində kommunikasiyaların inkişafı Azərbaycanın beynəlxalq nəqliyyat sistemində rolunu daha da gücləndirir. Ölkəmiz yalnız enerji resurslarının ixracatçısı deyil, həm də beynəlxalq ticarətin, yükdaşımaların və iqtisadi əməkdaşlığın mühüm iştirakçısına çevrilir.

Azərbaycanın tranzit potensialının genişlənməsi yeni investisiyaların cəlbinə, iqtisadi əlaqələrin şaxələndirilməsinə və regional əməkdaşlığın inkişafına təkan verir. Eyni zamanda, bu proses ölkəmizin geosiyasi mövqeyini möhkəmləndirərək beynəlxalq tərəfdaşlar üçün strateji əhəmiyyətini artırır.

Azərbaycanın tarixi Qələbəsindən sonra Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşmış, regionun siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasında mühüm dəyişikliklər baş vermişdir. Bu proses Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi, regional əməkdaşlıq imkanlarının genişlənməsi və uzunmüddətli sülhün təmin edilməsi baxımından yeni perspektivlər yaratmışdır.

Azərbaycanın irəli sürdüyü sülh gündəliyi regionda sabitliyin təmin olunması, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və Cənubi Qafqazın qarşıdurma məkanından əməkdaşlıq regionuna çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Yeni geosiyasi reallıqlar Cənubi Qafqazda tarixi dəyişikliklər üçün zəmin yaratmışdır. Bu imkanların reallaşdırılması region dövlətlərinin siyasi iradəsindən, qarşılıqlı maraqların uzlaşdırılmasından və beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşılmasından asılıdır. Azərbaycanın əsas strateji məqsədi suverenliyini və təhlükəsizliyini qorumaqla yanaşı, regionda davamlı sülhün, sabitliyin və iqtisadi tərəqqinin təmin edilməsidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə