Marketlər bonus kartları ilə müştərilərə qənaət etdirir, yoxsa özləri daha çox qazanır? - İQTİSADÇI DANIŞDI
"Bonus kartı təkcə marketlər üçün qazanc vasitəsi deyil. Azərbaycan istehlakçısı artıq market sisteminin müəyyən “hiylələrinə” aldanmır".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova deyib.

Onun sözlərinə görə, bonus kartı təklif edən və etməyən marketlər arasında seçim edərkən alıcı öz büdcəsinə hansı daha uyğundursa, həmin marketdən alış-veriş edir. Təbii ki, bonus kartını əldə bayraq edərək “endirim” adı altında istehlakçını aldadan, başqa sözlə desək, onu növbəti alış-verişə həvəsləndirən marketlər də, bu “tələyə” düşən istehlakçılar da var:
"Məsələn, toyuq məhsulunun qiyməti bir çox mağazalarda bəllidir. Sosial şəbəkə hesablarında və ya mağazanın vitrinində 2,99 AZN qiyməti ilə bağlı reklam paylaşılır. Lakin alış-veriş zamanı məlum olur ki, bu endirim yalnız bonus kartı sahiblərinə və ya, məsələn, 50 manatdan artıq alış-veriş edənlərə aiddir.
Belə hallarda kassada kart almaq da mümkündür. Beləliklə, mağaza daha bir müştəri qazanır. Müştəri növbəti dəfə alış-veriş edərkən həmin mağazaya üz tutur və ya gələcək endirimlərdən yararlanmaq üçün onun sosial media hesabını izləyir.
Məsələnin görünməyən tərəfi isə ondan ibarətdir ki, əgər toyuq məhsuluna xüsusi endirim tətbiq edilirsə, onun adi satış qiyməti ilə endirimli qiyməti arasındakı fərq digər məhsulların qiymətinə əlavə olunur.
İkinci məsələ isə bonusdan asılılıqdır. İstehlakçı növbəti dəfə ehtiyacı olub-olmadığını nəzərə almadan səbətinə əlavə məhsullar yığır ki, topladığı bonusla sonrakı alış-verişlərində nəsə ala bilsin.
Məsələnin əsas tərəfi isə budur ki, həmin bonus da yenə eyni marketdən alış-verişə sərf olunur. Yəni istehlakçı bonusla məhsul aldıqda mağaza həmin məhsulu maya dəyərinə satmır. Beləliklə, bonus şəklində geri qaytarılan məbləğ də əslində alıcının büdcəsindən çıxmış vəsait hesabına formalaşır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB