Gələn ilin büdcəsində altıncı sosial islahat paketi üçün maliyyə təminatı yaradılıb - Nazir
Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, 2027-ci ildə də dövlət və icmal büdcələr sosial yönümlüyünü saxlayacaq. Dövlətimizin başçısı tərəfindən verilmiş tapşırığa uyğun olaraq, altıncı sosial islahat paketi ilə bağlı 2027-ci ilin dövlət və icmal büdcəsində müvafiq maliyyə təminatı yaradılıb.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O qeyd edib ki, son 8 ildə 4 milyon vətəndaşımızı əhatə edən 5 böyük sosial islahat zərfi icra olunub və bu islahatların illik əlavə maliyyə tutumu 8 milyard manat təşkil edib.
Görülən tədbirlər nəticəsində əhali üzrə cari ildə də əməkhaqqı və sosial ödənişlərdə yüksək artım tempi müşahidə olunur.
“Belə ki, orta aylıq pensiyanın məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10,4 faiz artaraq 596 manata, yaşa görə pensiyanın orta məbləği isə 10 faiz artaraq 634 manat, orta aylıq əməkhaqqı 7,2 faiz artaraq 1173 manata çatıb, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər isə 8,4 faiz artaraq 1,9 milyard manat olub”, - deyə nazir vurğulayıb.
Anar Əliyev bildirib ki, ümumilikdə nazirlik tərəfindən əhalinin 22 faizinə, yəni 2,2 milyon şəxsə 900 milyon manat məbləğində aylıq əsasda ödəniş edilir. Bunun 676 milyon manatı pensiya və sosial sığorta ödənişlərinin, 214,3 milyon manatı isə dövlət büdcəsi hesabına ödənilən sosial müavinət, Azərbaycan Respublikası Prezidentinin təqaüd və sosial yardımın payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB