“Uşağa ad seçimi ailədə birlik və həmrəyliyin ilk addımlarından biri sayıla bilər” -PSİXOLOQ DANIŞDI
”Ailədə uşaq dünyaya gələrkən ona ad qoyulması həm ata, həm də ana üçün ailənin möhkəmliyinin təməllərindən birini formalaşdıran mühüm addımlardan biridir. Təəssüf ki, bəzən bu məsələyə ciddi müdaxilələr olur və belə müdaxilələr ilkin ailə münasibətlərinin pozulmasına, konfliktlərin yaranmasına səbəb ola bilir”.
Bu sözləri SİA -ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.
Onun sözlərinə görə, təbii ki, nənə və baba ad təklif edə bilər. Lakin israrlı şəkildə “mən bu adı istəyirəm”, “bu mənim atamın adıdır”, “bu mənim anamın adıdır” və ya ailənin digər üzvlərinin istədiyi adın qoyulmasını tələb etmək ailədə ilkin narazılıqlara səbəb ola bilər:
”Əslində, uşağa ad seçilməsi ailədə birlik və həmrəyliyin ilk addımlarından biri kimi qəbul edilə bilər. Bu proses “biz birlikdə nəsə yaratdıq, birlikdə bunun öhdəsindən gəlirik və övladımızı da birlikdə böyüdəcəyik” düşüncəsini formalaşdırır.
Bu baxımdan ad seçimi ailənin möhkəmlənməsinə və ailə dəyərlərinin formalaşmasına öz töhfəsini verə bilər. Son dövrlərdə ailə münasibətlərində müəyyən problemlərin və ziddiyyətlərin artdığını müşahidə edirik. Bəzən isə ailədaxili münaqişələrin səbəblərindən biri məhz uşağın adının seçilməsi kimi kiçik görünən məsələlər ola bilir.
Ona görə də gənc ailələrin belə məsələlərdə bir-birinin fikrinə hörmətlə yanaşması və qərarı birlikdə qəbul etməsi çox vacibdir. Bəzən uşağın adı elə seçilir ki, böyüdükdən sonra həmin ad onun üçün narahatlıq mənbəyinə çevrilir. Hətta bəzi insanlar həyatlarında qarşılaşdıqları uğursuzluqları öz adları ilə əlaqələndirə bilirlər.
Bu baxımdan gənc ailələr ad seçimində də diqqətli olmalı, bir-birinin fikrinə hörmət etməli və ailə daxilində qarşılıqlı anlaşmanı əsas götürməlidirlər. Bir psixoloq olaraq əsas tövsiyələrimdən biri budur ki, ailədə belə qərarların birlikdə və sağlam ünsiyyət əsasında qəbul edilməsi gələcəkdə yarana biləcək bəzi münaqişələrin, hətta ailə münasibətlərində ciddi problemlərin və boşanmaların qarşısının alınmasına müəyyən qədər kömək edə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB