“Azərbaycanın əsas strateji vəzifəsi enerji üstünlüyünü iqtisadi və texnoloji üstünlüyə çevirməkdir“ -ŞƏRH
“Prezident İlham Əliyevin Azərbaycanın xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr istehsal və ixrac edən nadir ölkələrdən biri olması barədə fikri Azərbaycanın enerji siyasətində baş verən transformasiyanı ifadə edir”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, burada əsas məsələ təkcə böyük neft və qaz ehtiyatlarına malik olmaq deyil, həm də həmin resursları müxtəlif mərhələlərdə emal edərək daha yüksək əlavə dəyər yaradan məhsullara çevirməkdir:
“Bilirik ki,Azərbaycan uzun illər beynəlxalq enerji bazarında əsasən xam neft ixracatçısı kimi tanınıb. Bakı-Tbilisi-Ceyhan kimi iri infrastruktur layihələri ölkənin dünya bazarlarına çıxışını təmin edib. Sonrakı mərhələdə isə təbii qazın ixracı Azərbaycanın enerji siyasətində xüsusi yer tutmağa başlayıb. Cənub Qaz Dəhlizi və TANAP-TAP infrastrukturu Azərbaycanın qazını Türkiyə və Avropa bazarlarına çatdırmaqla ölkənin enerji xəritəsindəki rolunu genişləndirib.
Bu gün isə daha fərqli mərhələ müşahidə olunur: Azərbaycan enerji resurslarını təkcə xammal kimi ixrac etməklə kifayətlənməməyə çalışır. Neft emalı, neft-kimya sənayesi, gübrə istehsalı və elektrik enerjisinin ixracı bu strategiyanın müxtəlif istiqamətləridir. Bunun iqtisadi baxımdan əhəmiyyəti ondan ibarətdir ki, xammalın emal səviyyəsi yüksəldikcə məhsulun əlavə dəyəri və ixrac imkanları da artır.
Burada elektrik enerjisi ayrıca diqqət çəkən istiqamətdir. Azərbaycanın ənənəvi istilik və hidroenerji imkanlarına son illərdə bərpaolunan enerji layihələri də əlavə olunur. Günəş və külək enerjisi potensialının inkişaf etdirilməsi gələcəkdə həm daxili enerji balansının şaxələndirilməsinə, həm də elektrik ixracının genişləndirilməsinə imkan yarada bilər. Bu baxımdan Azərbaycanın enerji strategiyası tədricən enerji və enerji əsaslı sənaye məhsullarının ixracı modelinə doğru dəyişir.
Digər mühüm məqam Azərbaycanın coğrafi mövqeyidir. Ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub arasında yerləşdiyi üçün enerji və nəqliyyat layihələrinin kəsişmə nöqtəsinə çevrilə bilir. Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsi istiqamətində Azərbaycanın qaz ixracının əhəmiyyəti də məhz bu kontekstdə artır.
Lakin burada mühüm çağırış da var. O da ondan ibarətdir ki, qlobal enerji keçidi sürətləndikcə neft və qazdan əldə olunan gəlirlərin uzunmüddətli perspektivdə iqtisadiyyatın digər sahələrinə çevrilməsi daha böyük əhəmiyyət qazanır. Buna görə Azərbaycanın enerji strategiyasının növbəti mərhələsində əsas məsələ nə qədər enerji ixrac etmək deyil, bu enerji resurslarının yaratdığı kapitalı nə qədər yüksək texnologiyalı, rəqabətqabiliyyətli və şaxələndirilmiş iqtisadiyyata çevirməkdir.
Odur ki, Prezidentin səsləndirdiyi fikir Azərbaycanın enerji siyasətinin üç əsas istiqamətini göstərir. Resursların hasilatı, onların daha dərin emalı və enerji ixrac coğrafiyasının genişləndirilməsi. Azərbaycanın qarşısında duran əsas strateji vəzifə isə enerji üstünlüyünü uzunmüddətli iqtisadi və texnoloji üstünlüyə çevirməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB