Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində yüksəkixtisaslı oftalmoloqlar tərəfindən gözlə bağlı müxtəlif şikayətlərlə müraciət edən pasiyentlərə müasir tibbi yanaşma əsasında hərtərəfli oftalmoloji xidmətlər göstərilir. Burada pasiyentin ilkin müraciətindən başlayaraq diaqnostik müayinələr, müalicə, dinamik müşahidə və tibbi göstəriş olduqda kiçik cərrahi müdaxilələr həyata keçirilir. Müayinə və müalicə taktikası pasiyentin şikayətləri, klinik vəziyyəti və diaqnostik müayinələrin nəticələri əsasında fərdi qaydada müəyyənləşdirilir.

Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin oftalmoloqları, t.ü.f.d. Aynurə Əliyeva və Aybəniz Zeynalova tərəfindən ilkin oftalmoloji müayinələr aparılır. Pasiyentin şikayətlərindən və klinik vəziyyətindən asılı olaraq aşağıdakı müasir diaqnostik müayinələr tətbiq edilir:

• Viziometriya – görmə itiliyinin yoxlanılması;

• Tonometriya – göz daxili təzyiqin ölçülməsi;

• Avtorefraktometriya – gözün optik göstəricilərinin və refraksiya xüsusiyyətlərinin aparat vasitəsilə müəyyənləşdirilməsi;

• Biomikroskopiya – gözün ön seqmentinin və digər strukturlarının yarıqlı lampa vasitəsilə ətraflı müayinəsi;

• Oftalmoskopiya – göz dibinin, tor qişanın və görmə siniri başının qiymətləndirilməsi.

Daha ətraflı diaqnostik qiymətləndirməyə ehtiyac olduqda əlavə müayinələr də aparılır. Bunlara aşağıdakılar daxildir:

• Gözün ultrasəs müayinəsi;

• Göz almasının uzunluğunun ölçülməsi (biometriya);

• Paximetriya – buynuz qişanın qalınlığının ölçülməsi;

• Kompüter perimetriyası – görmə sahəsinin qiymətləndirilməsi;

• Digər zəruri oftalmoloji müayinələr.

Müasir avadanlıq və rəqəmsal yanaşma

Oftalmoloji müayinələrin nəticələri müvafiq elektron sistemdə saxlanılır. Bu yanaşma pasiyentin təkrar müraciəti zamanı əvvəlki müayinələrin nəticələrini yeni göstəricilərlə müqayisə etməyə və göz sağlamlığında zamanla baş verən dəyişiklikləri dinamik şəkildə qiymətləndirməyə imkan verir.

Müayinələrin nəticələrinin ardıcıl izlənilməsi həkimə xəstəliyin gedişatını qiymətləndirmək, müalicənin effektivliyini izləmək və zəruri hallarda müalicə taktikasını dəyişdirmək üçün əlavə imkan yaradır.

Müayinələrin kompleks şəkildə aparılması görmə funksiyasını və gözün müxtəlif anatomik strukturlarını ətraflı qiymətləndirməyə, mövcud problemin səbəbini müəyyənləşdirməyə və pasiyent üçün uyğun müalicə taktikasını seçməyə imkan verir.

Diaqnoz dəqiqləşdirildikdən sonra pasiyentin klinik vəziyyətinə və tibbi göstərişlərə uyğun müalicə təyin edilir. Zərurət yarandıqda, müvafiq tibbi göstərişlər əsasında kiçik cərrahi müdaxilələr də həyata keçirilir. Beləliklə, pasiyentlərə oftalmoloji problemlərin diaqnostikasından müalicəyədək kompleks tibbi xidmət göstərilir.

Oftalmoloqlar tərəfindən refraksiya pozğunluqlarının, qlaukomanın, kataraktanın, göz dibi xəstəliklərinin, uveitin və digər oftalmoloji problemlərin müayinə və müalicəsi həyata keçirilir.

Göz sağlamlığınıza laqeyd yanaşmayın

Görmənin zəifləməsi, bulanıq görmə, gözdə ağrı və ya qızartı, göz daxili təzyiqlə bağlı dəyişikliklər, göz qarşısında ləkələrin yaranması və digər narahatlıqlar oftalmoloqa müraciət etmək üçün əsas ola bilər. Bəzi göz xəstəlikləri ilkin mərhələlərdə ciddi simptomlarla özünü göstərməyə bilər. Buna görə də müntəzəm oftalmoloji müayinələr göz xəstəliklərinin erkən aşkarlanması, görmə funksiyasının qorunması və mümkün fəsadların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Mərkəzi Gömrük Hospitalı – göz sağlamlığınızın qorunması üçün peşəkar tibbi xidmət və müasir diaqnostik yanaşma!

Bütün xəbərlər Facebook səhifəmizdə