Saxta kürüdən qorunmaq üçün istehlakçılar nələrə diqqət etməlidir? - QİDA EKSPERTİ DANIŞDI
Kürü alarkən istehlakçıların aldadılması, süni məhsulların təbii kürü adı ilə satılması və keyfiyyətsiz məhsulların sağlamlıq üçün yarada biləcəyi risklər diqqət tələb edən məsələlərdəndir. Məhsulun mənşəyinin, etiket məlumatlarının və saxlanma şəraitinin yoxlanılması, eləcə də alış zamanı diqqətli davranılması istehlakçıların aldadılmasının qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.
Bu sözləri SİA-ya açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.
Onun sözlərinə görə, bazarda təbii kürü ilə yanaşı, süni üsullarla hazırlanmış məhsullara da rast gəlinir:
” Buna görə də kürünün keyfiyyətini dəqiq müəyyənləşdirmək üçün müvafiq laboratoriya analizlərinin aparılması vacibdir.
Mütəxəssis qeyd edib ki, bəzi hallarda satıcı alıcıya görünüşü və dadı ilə daha keyfiyyətli təsir bağışlayan təbii kürü göstərsə də, ödəniş zamanı başqa məhsul təqdim edə bilər. Bu səbəbdən istehlakçılar alış prosesində diqqətli olmalı, məhsulun çəkisini və qiymətini əvvəlcədən dəqiqləşdirməlidirlər.
M.Hüseynovanın sözlərinə görə, həddindən artıq ucuz qiymətə təklif olunan, mənşəyi məlum olmayan, keyfiyyətini təsdiqləyən sənədləri təqdim edilməyən məhsullar şübhə doğura bilər. Açıq qabda satılan, etiketi olmayan və saxlanma şəraiti bilinməyən kürünün alınması tövsiyə edilmir. Məhsulun ucuz olması özlüyündə onun saxta olduğunu göstərməsə də, digər şübhəli əlamətlərlə birlikdə risk göstəricisi ola bilər.
O bildirib ki, kürü zülalla zəngin məhsul olduğundan onun düzgün saxlanılması xüsusi əhəmiyyət daşıyır. Məhsul birbaşa günəş şüalarından qorunmalı və üzərində göstərilən temperatur rejiminə uyğun şəraitdə saxlanılmalıdır. İstehlakçılar həmçinin istehsalçı, tərkib, mənşə, istehsal və son istifadə tarixləri barədə məlumatları yoxlamalıdırlar.
Mütəxəssis vurğulayıb ki, süni kürü əsasən jelatin, yosun ekstraktları və müxtəlif qida əlavələrindən istifadə edilməklə hazırlanır. Bəzi məhsullara təbii balıq qoxusunu xatırladan aromatizatorlar da əlavə oluna bilər. Lakin kürünün yalnız görünüşünə, rənginə və qoxusuna əsasən onun təbii və ya süni olduğunu müəyyənləşdirmək mümkün deyil.
M.Hüseynovanın sözlərinə görə, kürünü qızdırmaqla yoxlamaq kimi üsullar da məhsulun mənşəyini dəqiq müəyyənləşdirməyə imkan vermir. Təbii və süni məhsulların istiliyə reaksiyası onların tərkibindən asılı olaraq dəyişə bilər. Buna görə də bu cür üsullar etibarlı yoxlama vasitəsi hesab edilmir.
O əlavə edib ki, istehlakçılar satıcının şifahi məlumatlarına deyil, məhsulun etiketinə və mənşəyini təsdiqləyən sənədlərə üstünlük verməlidirlər. Kürünün təbii olub-olmadığını dəqiq müəyyənləşdirmək üçün isə zəruri hallarda laborator müayinələrə müraciət edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB