Oktyabrın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda I Ailə Forumu keçirilib. SİA xəbər verir ki, tədbirdən öncə “Gələcəyin ailəsi uşaqların gözü ilə” mövzusunda tematik rəsm sərgisi nümayiş etdirilib, həmçinin “Könüllü ailələr”in təqdimatı keçirilib.
Forumun rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Azərbaycan Dövlət Pantomim Teatrının aktyorlarının ifasında rəqəmsal dövrdə insan münasibətlərinin və ailə dəyərlərinin qorunmasını əks etdirən bədii kompozisiya təqdim olunub.
Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ənənəvi ailə dəyərlərinin qorunması ilə ailələrin texnoloji yeniliklərə uyğunlaşmasının vacibliyini vurğulayıb. O, rəqəmsal asılılıq, zərərli məzmun, kiberzorakılıq və şəxsi məlumatların təhlükəsizliyinə diqqət çəkərək, uşaqların qorunmasında valideyn məsuliyyətinin və ailədaxili etibarlı ünsiyyətin əhəmiyyətini qeyd edib.
Komitə sədri ailə institutunun gücləndirilməsi, qadın və uşaqların hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən, həmçinin hazırlanmaqda olan Ailə Konsepsiyası layihəsinin əhəmiyyətindən danışıb. Böyük Qayıdış çərçivəsində ailələrin doğma yurdlarına qayıdışının milli-mənəvi bağlılığın qorunmasındakı rolunu vurğulayıb.
Forumda ailə münasibətləri, müasir valideynlik, rəqəmsal təhlükəsizlik və sağlamlıq, süni intellektin təsiri, gələcəyin ailəsi mövzularında altı panel müzakirəsinin keçiriləcəyi bildirilib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov 2026–2028-ci illər üzrə Fəaliyyət Planının təsdiqləndiyini, rəqəmsallaşma və süni intellekt sahəsində islahatlara başlanıldığını, 58 təşəbbüs çərçivəsində infrastrukturun yeniləndiyini və təhsilin müasirləşdirilməsi istiqamətində işlərin aparıldığını qeyd edib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov ailənin sağlam uşaqların və gələcək vətəndaşların formalaşmasındakı roluna toxunub, milli-mənəvi dəyərlərin qorunmasının, müstəqillik və ərazi bütövlüyünün gələcək nəsillərə etibar edilməsinin, eləcə də rəqəmsallaşmanın ailə institutuna təsirlərinin nəzərə alınmasının vacibliyini qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov rəqəmsal dövrdə ailə institutunun dəyişən şəraitə uyğunlaşmasının qaçılmaz olduğunu, lakin bu prosesdə mənəvi əsasların qorunmasının vacibliyini vurğulayıb.
Daha sonra süni intellekt texnologiyası ilə hazırlanmış ailə dəyərlərinə həsr olunan videoçarx nümayiş etdirilib.
Forumun birinci hissəsində ADA Universitetinin hüquq üzrə fəlsəfə doktoru Təbriz Cəfərovun moderatorluğu ilə “Yeni reallıqda ailə: ortaq məsuliyyətdən dayanıqlı gələcəyə” mövzusunda panel müzakirəsi keçirilib.
Paneldə ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının təsisçi direktoru Şəfəq Mehrəliyeva, PAŞA Maliyyə Holdinqinin innovasiyalar üzrə meneceri Ülviyyə Mehralıyeva, səhiyyə idarəçisi və profilaktik sağlamlıq üzrə ekspert Nigar Rüstəmli, Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov iştirak ediblər.
Müzakirələr zamanı rəqəmsal transformasiyanın ailə həyatına təsiri müxtəlif aspektlərdən təhlil olunub. Panel iştirakçıları texnologiyaların ailədaxili ünsiyyətə, valideyn-övlad münasibətlərinə, gündəlik davranışlara və sosial qarşılıqlı əlaqələrə təsirini nəzərdən keçirərək rəqəmsal imkanlardan balanslı və məqsədyönlü istifadənin əhəmiyyətini vurğulayıblar.
Panel müzakirəsindən sonra “Talent” rəqs qrupunun “İşıq dalğası” kompozisiyası təqdim olunub.
Forum altı istiqamət üzrə panel müzakirələri ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB