Nadir Azəri: Qalib Azərbaycanın uğurları düşünülmüş və ardıcıl siyasətin nəticəsidir
“Bu gün qalib Azərbaycan öz inkişafına görə təkcə Cənubi Qafqazın lider dövləti deyil, eyni zamanda, Türk dünyasında mühüm mövqeyə malik ölkə və regionun aparıcı siyasi aktorudur. Azərbaycanın qazandığı uğurlar təsadüfi deyil. Bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət dayanır. Siyasi, iqtisadi, humanitar və digər sahələri əhatə edən bu strategiya ölkəmizin beynəlxalq nüfuzunun güclənməsinə, torpaqlarımızın işğaldan azad edilməsinə və Azərbaycanın qüdrətli, qalib dövlət kimi formalaşmasına zəmin yaradıb. Eyni zamanda, əhalinin sosial rifahının yüksəldilməsi və ölkə daxilində müxtəlif sahələrin inkişafı istiqamətində həyata keçirilən tədbirlər dövlətimizin tərəqqisini təmin edib. Bu inkişaf ardıcıl və davamlı xarakter daşıyır”.
Bu sözləri SİA-ya “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri bildirib.

Nadir Azəri qeyd edib ki, Azərbaycanın əldə etdiyi uğurlarda Yeni Azərbaycan Partiyasının da özünəməxsus rolu var. YAP ölkəmizin inkişaf strategiyasının həyata keçirilməsində mühüm yer tutur. Partiyanın oktyabrın 2-də keçirilən növbəti qurultayı da Azərbaycanın keçdiyi inkişaf yolunu və gələcək hədəflərini dəyərləndirmək baxımından əhəmiyyətli olub.
Nadir Azəri vurğulayıb ki, Prezident İlham Əliyevin qurultaydakı çıxışı mühüm siyasi mesajlarla yadda qalıb: “Dövlət başçısının çıxışı Azərbaycanın keçdiyi tarixi yolu, qazandığı nailiyyətləri və qarşıda duran vəzifələri anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Mən xüsusilə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması və dövlət suverenliyimizin tam bərpası ilə bağlı səsləndirilən fikirləri qeyd etmək istərdim.
Ümumiyyətlə, budəfəki qurultayı əvvəlkilərdən fərqləndirən əsas cəhət onun Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi yeni siyasi və geosiyasi reallıq şəraitində keçirilməsidir. Son illərin tarixini 8 noyabr 2020-ci il və 20 sentyabr 2023-cü il tarixlərindən ayrı təsəvvür etmək mümkün deyil. 8 Noyabr Qarabağ Zəfərinin, 20 Sentyabr isə separatizmə son qoyularaq Azərbaycanın suverenliyinin ölkənin bütün ərazisində bərpa edilməsinin rəmzinə çevrilib”.
Nadir Azəri bildirib ki, qurultayda da bəyan edildiyi kimi, Zəfərdən sonrakı mərhələdə Azərbaycan müxtəlif siyasi təzyiqlərlə və ölkəmizə qarşı yönəlmiş kampaniyalarla üzləşib. Lakin dövlətimiz əldə etdiyi tarixi nəticələri qorumaqla yanaşı, yeni reallıqların beynəlxalq səviyyədə qəbul olunması istiqamətində də ardıcıl və prinsipial siyasət yürüdüb.
Bu gün 2020-ci ildəki Azərbaycanla 2023-cü ilin sentyabrından sonrakı Azərbaycan arasında ciddi fərq var. Qarabağ məsələsinin hərbi-siyasi gündəmdən çıxarılması ölkəmiz üçün yeni imkanlar yaradıb, eyni zamanda, qarşıda yeni vəzifələr müəyyənləşdirib. Buna görə də YAP-ın qurultayını yalnız siyasi partiyanın növbəti toplantısı kimi deyil, Azərbaycanın keçdiyi tarixi yolun və yeni inkişaf mərhələsinin hədəflərinin dəyərləndirilməsi baxımından da mühüm hadisə hesab etmək lazımdır.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB