“Böyük Qayıdış” layihəsi Qarabağ və Şərqi Zəngəzurun bərpasında mühüm rol oynayır - DEPUTAT DANIŞDI

“Böyük Qayıdış” layihəsi Qarabağ və Şərqi Zəngəzurun bərpasında mühüm rol oynayır - DEPUTAT DANIŞDI

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. İnfrastrukturun yenidən qurulması, yaşayış məntəqələrinin salınması və məşğulluq imkanlarının yaradılması bölgənin sosial-iqtisadi inkişafı üçün mühüm zəmin formalaşdırır.

Bu sözləri Milli Məclisin deputatı, tibb elmləri doktoru Asim Mollazadə SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, yolların, enerji, su və rabitə infrastrukturunun bərpası, yeni yaşayış məntəqələrinin inşası və dayanıqlı iqtisadi fəaliyyətin təşviqi layihənin kompleks xarakter daşıdığını göstərir:

”Bu tədbirlərin həyata keçirilməsi böyük maliyyə vəsaiti, eləcə də dövlət qurumları arasında əlaqələndirilmiş fəaliyyət tələb edir.

Deputat qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası”na çevrilməsi strateji əhəmiyyət daşıyır. Günəş, külək və su enerjisi kimi bərpaolunan enerji mənbələrindən istifadə ətraf mühitin qorunmasına, enerji resurslarından səmərəli yararlanmağa və Azərbaycanın uzunmüddətli enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Asim Mollazadə bildirib ki, bərpa prosesinin qarşısında duran əsas çətinliklərdən biri mina təhlükəsidir. İşğal dövründə ərazilərə çoxlu sayda mina basdırılması, eləcə də dəqiq mina xəritələrinin əldə olunmasındakı çətinliklər ərazilərin təmizlənməsini mürəkkəbləşdirir. Bu amil həm işlərin müddətinə, həm də maliyyə xərclərinə təsir göstərir.

Onun sözlərinə görə, mina təhlükəsinin aradan qaldırılması üçün ixtisaslaşmış qurumların fəaliyyəti, müasir texnologiyaların tətbiqi və beynəlxalq təcrübədən istifadə xüsusi əhəmiyyət daşıyır. Bununla belə, ərazilərin təhlükəsizliyinin təmin olunması yenidənqurma və məskunlaşma prosesinin ən mürəkkəb mərhələlərindən biri olaraq qalır.

Deputat vurğulayıb ki, “Böyük Qayıdış” yalnız infrastrukturun bərpası və əhalinin doğma yurdlarına qayıdışı ilə məhdudlaşmır. Proqram, eyni zamanda, tarixi-mədəni irsin qorunmasını, bölgənin sosial həyatının canlandırılmasını və iqtisadi potensialının reallaşdırılmasını nəzərdə tutur.

Asim Mollazadənin fikrincə, həyata keçirilən tədbirlər Qarabağ və Şərqi Zəngəzurun gələcəkdə Azərbaycanın mühüm iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır. Bölgənin Türk və İslam dünyası ilə mədəni, sosial və iqtisadi əlaqələrinin inkişafı da bu perspektivin əhəmiyyətli istiqamətlərindəndir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə