“Bu yanaşma Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin zərər görməməsinə xidmət edir” - ŞƏRH
“Azərbaycan-Türkiyə münasibətləri ətrafında son dövrlər səsləndirilən ittihamları qiymətləndirərkən Türkiyə dövləti və xalqı ilə ölkədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) siyasi kursunu bir-birindən fərqləndirmək vacibdir. Çünki dövlətlərarası münasibətlər uzunmüddətli strateji maraqlara, tarixi bağlara və qarşılıqlı öhdəliklərə əsaslanır, siyasi hakimiyyətlərin mövqeləri isə zamanla dəyişə bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
Onun sözlərinə görə, bu baxımdan, Türkiyədəki müəyyən siyasi və dini dairələrin Azərbaycana münasibətdə səsləndirdiyi fikirləri bütövlükdə Türkiyə cəmiyyətinin mövqeyi kimi təqdim etmək düzgün olmaz:
“Əgər tənqid konkret olaraq AKP hakimiyyətinin siyasətinə, müəyyən qərarlarına və ya həmin hakimiyyətə yaxın dairələrin açıqlamalarına yönəlibsə, bunun açıq şəkildə ifadə edilməsi daha obyektiv yanaşmadır. Bu fərqləndirmə 13 oktyabr 2026-cı ildə Yeni Azərbaycan Partiyasının yaydığı bəyanatda da öz əksini tapıb. Bəyanatda Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və AKP-dən olan bəzi millət vəkillərinin Azərbaycanla bağlı açıqlamaları tənqid edilib, eyni zamanda iki xalq arasındakı qardaşlıq münasibətlərinin qorunmasının vacibliyi vurğulanıb.  Bununla belə, ayrı-ayrı siyasətçilərin mövqeyini AKP hakimiyyətinin bütövlükdə rəsmi siyasəti ilə eyniləşdirmək də doğru deyil. Belə ki, AKP sözçüsü Ömər Çelik Azərbaycanı hədəfə alan bəzi qrupların partiya və hökumətlə əlaqəsini rədd edib. Əsas prinsip ondan ibarət olmalıdır ki, Azərbaycan öz suverenliyini və dünyəvi dövlətçilik prinsiplərini müdafiə edərkən tənqidini konkret siyasi şəxslərə, qərarlara və bəyanatlara ünvanlasın. Bu yanaşma həm siyasi məsuliyyətin düzgün müəyyənləşdirilməsinə, həm də Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin ayrı-ayrı fikir ayrılıqlarından zərər görməməsinə xidmət edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB