Fransada gərginlik səngimir: Komendant saatı uzadıldı, 149 nəfər saxlanıldı

Fransada gərginlik səngimir: Komendant saatı uzadıldı, 149 nəfər saxlanıldı

Fransada oktyabrın 17-də başlayan etiraz aksiyaları çərçivəsində dağıntılar törətməkdə və talan hadisələrində iştirak etməkdə şübhəli bilinən 149 nəfərin saxlanıldığı bildirilib. Paris, Lion, Lill və Nitsa şəhərlərinin müəyyən ərazilərində dünən tətbiq edilən qismən komendant saatının bu gün də davam etdirilməsinə qərar verilib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın ədliyyə naziri Jerald Darmanen həftəsonu “sarı jiletlilər”in etirazları zamanı zorakılıq hadisələrinin baş verdiyi ölkənin şimalındakı Lill şəhərinə səfər edib.

Darmanen Lill Ədliyyə Məhkəməsində jurnalistlərə açıqlamasında “sarı jiletlilər”in aksiyaları zamanı baş verən zorakılıq hallarına qarşı ədliyyə orqanlarının reaksiyasından məmnunluğunu ifadə edib.

Nazir etirazlar zamanı dağıntılar törətməkdə və talan hadisələrində iştirak etməkdə şübhəli bilinən 149 nəfərin saxlanıldığını bildirib. O, prokurorların göstərişlərinə uyğun olmayan bütün məhkəmə qərarlarından apellyasiya şikayəti verilməsini istədiyini qeyd edib.

Milli mətbuatda yayılan xəbərlərə görə, həftəsonu paytaxtda yaşayış xərclərinin artmasına qarşı keçirilən etiraz aksiyaları zamanı həyatını itirən iki nəfərin ölüm səbəblərinin araşdırılması üçün istintaqa başlanılıb.

Paris Polis İdarəsinin məlumatına görə, oktyabrın 17-də Parisdə Respublika meydanının yaxınlığında 59 yaşlı kişi huşsuz vəziyyətdə aşkarlanıb. O, təcili yardım məntəqəsinə aparılsa da, göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

İlkin məlumatlara əsasən, oktyabrın 19-da saat 01:10-da Parisin Berje küçəsində səhhəti qəfil pisləşən 48 yaşlı şəxsin də meyiti tapılıb.

Fransada zorakılıq və talan hadisələri ilə müşayiət olunan “sarı jiletlilər”in etirazlarından sonra Paris, Lion, Lill və Nitsa şəhərlərinin müəyyən ərazilərində tətbiq edilən qismən komendant saatının daha bir gün uzadılmasına qərar verilib.

Paris Polis İdarəsi paytaxtda Respublika meydanı və Halles ərazisində tətbiq olunan qismən komendant saatını daha bir gün uzadıb. Qərara əsasən, şəhər sakinlərinə yerli vaxtla saat 23:00-dan 06:00-dək paytaxtın qeyd olunan ərazilərində olmaq qadağan edilib.

Bundan əlavə, Parisdə Yelisey sarayı, Milli Assambleya, Senat, Şanzelize prospekti, Şatle və Vendom meydanları, eləcə də bəzi dəmiryol vağzallarının ətrafında yerli vaxtla saat 20:00-dan 06:00-dək icazəsiz etiraz aksiyalarının keçirilməsinə qadağa qoyulub.

Rona prefekturasının açıqlamasına görə, Lion şəhərinin mərkəzində ötən gün tətbiq edilən komendant saatı asayişin bərpasına kömək edib.

Qərara əsasən, Lionun mərkəzində komendant saatı daha bir gün uzadılıb və yerli vaxtla saat 21:00-dan 06:00-dək qüvvədə olacaq.

Ölkə üzrə qismən komendant saatı tətbiq edilən şəhərlərin ümumi sayının 12-yə çatdığı bildirilib.

Qeyd edək ki, ötən gün Paris, Lion, Lill, Nitsa, Due və Vattiniye şəhərlərinin müəyyən ərazilərində gecə saatlarında komendant saatının tətbiq ediləcəyi elan olunmuşdu.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə