Qida zəhərlənməsi riskindən qorunmaq üçün insanlar nələrə diqqət etməlidir? - MÜTƏXƏSSİS AÇIQLADI
Məktəb bufetində şagirdlərin, ardınca toy mərasimində onlarla insanın zəhərlənməsi qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Gəncədə məktəb bufetində zəhərlənmə hadisəsindən sonra obyektin fəaliyyəti məhdudlaşdırılıb, Kürdəmir rayonunda isə toy mərasimindən sonra 92 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib. Belə hallarda məsuliyyət yalnız qidanı hazırlayan və təqdim edən şəxslərlə məhdudlaşmır.
Məhsulların saxlanma şəraiti, hazırlanma prosesi, şəxsi gigiyena, qidaların temperatur rejiminə uyğun qorunması və istehlakçıların seçimləri də mühüm rol oynayır. AQTA da şadlıq saraylarını yüksək risk qrupuna aid qida obyektləri kimi qiymətləndirir. Bəs, məktəb bufetlərində, restoran və şadlıq saraylarında qida zəhərlənməsi riskindən qorunmaq üçün insanlar nələrə diqqət etməlidir? İstehlakçı şübhəli qida ilə qarşılaşdıqda necə davranmalıdır?
Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, məktəb və universitet bufetlərində, toylarda, digər il şənliklərində və yas mərasimlərində qida təhlükəsizliyi ilə bağlı məhsul istehsal edən və istehlakçıya təqdim edən şəxslər bir sıra vacib məqamlara diqqət etməlidirlər:
"Mütləq isti və soyuq şəkildə təqdim olunan qidalar ayrı saxlanılmalıdır. Soyuq qidalar soyuducuda 0–5 dərəcə Selsi temperatur aralığında saxlanılmalıdır. İsti qidalar 5–60 dərəcə Selsi temperatur aralığında saxlanılmamalı, təhlükəsiz temperaturda təqdim edilməlidir. Riskli qidalar, xüsusilə ət, balıq, toyuq və mal əti bişirilərkən onların daxili temperaturu 75 dərəcə Selsiyə çatmalıdır. Qidalar minimum 2 dəqiqə ərzində bu temperaturda bişirilməlidir ki, tərkibindəki bakteriyalar məhv olsun və insan sağlamlığına zərər verməsin.
İstehlakçılar qida məhsulları alarkən ilk növbədə onların orqanoleptik göstəricilərinə, yəni rənginə, qoxusuna, xarici görünüşünə və qablaşdırılma vəziyyətinə diqqət yetirməlidirlər. Məhsulu açdıqdan sonra da onun keyfiyyətini yoxlamaq vacibdir. Bəzi məhsullar, məsələn, hazır bulka və kruasanlar, eləcə də digər qablaşdırılmış qidalar xoşagəlməz qoxuya, kəskin və ağır yağ qoxusuna malik ola bilər. Məhsulun daxilində hər hansı həşərat və ya yad cisim aşkar edildikdə, bu, çirklənmə əlaməti hesab olunur.
Belə hallarda istehlakçı dərhal məhsulu aldığı mağazaya və ya satış məntəqəsinə müraciət edərək məhsulun geri qaytarılmasını tələb etməlidir. Şikayətə ciddi yanaşılmadıqda və vaxtında operativ reaksiya verilmədikdə isə müvafiq qurumlara, yəni Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edərək şikayətini bildirməlidir. Eyni zamanda, bu cür məhsulları almaqdan imtina etməlidir.
Əlavə olaraq, qablaşdırma materiallarında hər hansı deformasiya olduqda, bu, məhsulun daşınması və ya saxlanılması zamanı fiziki zədələnməyə məruz qaldığını göstərə bilər. Məhsulun qablaşdırılmasında zədələnmə, formasının pozulması və ya bütövlüyünün itirilməsi müşahidə edilərsə, belə məhsulların alınmasından çəkinmək lazımdır.
Xüsusilə dondurmalarda, dondurulmuş qidalarda və yarımfabrikatlarda formanın dəyişməsi məhsulun əridildiyini və yenidən dondurulduğunu göstərə bilər. Bu cür məhsulların keyfiyyəti və təhlükəsizliyi şübhə altında olduğundan onların alınmasından imtina edilməlidir.
Həmçinin, qida təminatı həyata keçirilən yerlərdə, xüsusilə məktəb bufetlərində uşaqlara, şagirdlərə və tələbələrə qida təqdim edən şəxslər mütləq fərdi mühafizə vasitələrindən istifadə etməlidirlər. Qida ilə təmas üçün nəzərdə tutulmuş əlcəklərdən, qolluqlardan, zərurət yarandıqda üz maskalarından, ətlə işləyərkən isə uyğun qoruyucu vasitələrdən istifadə olunmalıdır.
Ümumiyyətlə, qidaya çılpaq əllə toxunulmasına yol verilməməlidir. Qida ilə təmas zamanı uyğun əlcəklərdən istifadə edilməli və məhsullar istehlakçıya gigiyenik qaydalara uyğun şəkildə təqdim olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB