Azərbaycanda ümumi daxili məhsulun təxminən 44 faizi xidmət sektorunun payına düşür və bu sahədə yumşaq bacarıqların inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.
SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illiyinə həsr olunmuş hesabat tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, xidmət sektorunda insanların birbaşa ünsiyyəti əsas yer tutur. Buna görə də kommunikasiya, təqdimat, analitik düşünmə, komanda şəklində işləmək və özünü düzgün ifadə etmək kimi yumşaq bacarıqların inkişafına ciddi ehtiyac var.
Ü.Mehdiyevin sözlərinə görə, bu bacarıqlar yalnız xidmət sahəsində deyil, innovasiya və startap ekosistemində də mühüm rol oynayır. Onun fikrincə, gənclərin yaxşı ideyalarının olması kifayət deyil, həmin ideyaları düzgün təqdim etmək, investorları inandırmaq və layihənin əhəmiyyətini izah etmək bacarığı da vacibdir.
Agentlik sədri qeyd edib ki, bəzi hallarda peşəkar bilik və bacarıqlara malik şəxslərin karyera yüksəlişində yumşaq bacarıqlar həlledici rol oynayır. Bu səbəbdən təlimçilərin və təlim platformalarının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
O, ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, xidmət sektorunda yumşaq bacarıqların inkişafı istiqamətində görülən işlərin gələcəkdə daha da genişlənəcəyinə və beynəlxalq səviyyədə əhəmiyyət qazanacağına inanır.
Ü.Mehdiyev, həmçinin mərkəzin fəaliyyətində məmnunluq səviyyəsinin təxminən 96 faiz təşkil etdiyini diqqətə çatdırıb və ASAN Xidmətin inkişafı üçün arzularını ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB