“Mərkəzin təlimlərində 25 mindən çox şəxs iştirak edib” - Aysel Cəbrayılova

“Mərkəzin təlimlərində 25 mindən çox şəxs iştirak edib” - Aysel Cəbrayılova

ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimlərində bu günədək 25 mindən çox şəxs iştirak edib, 150-dən artıq mövzu üzrə 850-dən çox təlim və tədbir təşkil olunub.

SİA xəbər verir ki, bunu ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illiyinə həsr olunmuş hesabat tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, iştirakçıların bir çoxu ilk təlimdən sonra digər proqramlara da qatılır və bu təlimləri həmkarlarına tövsiyə edir. Mərkəzdə mütəxəssislərin iştirakı ilə seminarlar, ustad dərsləri və debatlar təşkil olunub, beynəlxalq təcrübənin öyrənilməsinə və yeniliklərin təlim sisteminə tətbiqinə xüsusi diqqət yetirilib.

A.Cəbrayılovanın sözlərinə görə, təlimlərə əlçatanlığı artırmaq məqsədilə regionlarda və onlayn formatda da proqramlar həyata keçirilib. Bununla iştirakçılar mərkəzə gəlmədən, olduqları yerdən internet və telefon vasitəsilə təlimlərə qoşulmaq imkanı əldə ediblər.

Mərkəz rəhbəri qeyd edib ki, əsas fəaliyyət istiqamətlərindən biri ASAN xidmət təcrübəsinə əsaslanan yumşaq bacarıqların, ünsiyyət və kommunikasiya qabiliyyətlərinin inkişaf etdirilməsidir. Bununla yanaşı, dövlət satınalmaları, insan resursları və digər aktual mövzularda da təlimlər keçirilib.

O vurğulayıb ki, peşəkarların işə qəbulunda spesifik bilik və bacarıqlar mühüm rol oynasa da, onların təşkilat daxilində inkişafı və uğurlu fəaliyyəti üçün yumşaq bacarıqlar və şəxsi keyfiyyətlər də böyük əhəmiyyət daşıyır.

A.Cəbrayılova bildirib ki, mərkəz təlimlərdə altı innovativ alət tətbiq edib. Bu yanaşmalar nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların sınanmasına, iştirakçıların öz fəaliyyətlərini qiymətləndirməsinə və komanda işinin gücləndirilməsinə imkan yaradır.

Onun sözlərinə görə, vizion paneli və Points of You kimi alətlərdən istifadə etməklə ünsiyyət, təqdimat, komanda quruculuğu və yaradıcı təfəkkür bacarıqlarının eyni təlim çərçivəsində inkişafına şərait yaradılır.

Mərkəz rəhbəri əlavə edib ki, beynəlxalq təcrübəyə əsaslanan innovasiya təlimləri və beynəlxalq sertifikatlaşdırmaya hazırlıq proqramları da həyata keçirilir. İştirakçılar bu proqramlar vasitəsilə innovasiya mütəxəssisi kimi sertifikat əldə edə bilirlər.

A.Cəbrayılova, həmçinin kouçinq, idarəetmə və insan mərkəzli idarəetmə istiqamətlərində fəaliyyətin genişləndirildiyini, bu sahədə tərəfdaşlıqlar çərçivəsində yeni təlimlərin təşkilinə başlanıldığını diqqətə çatdırıb.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə