“Makronun uğursuz siyasəti Fransanı dərin siyasi və idarəetmə böhranına sürükləyib” - DEPUTAT

“Makronun uğursuz siyasəti Fransanı dərin siyasi və idarəetmə böhranına sürükləyib” - DEPUTAT

"Fransa bu gün dərin siyasi, sosial və institusional böhranın mərkəzində qərarlaşaraq, demək olar ki, idarəolunmazlıq həddinə çatmış vəziyyətdədir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

Onun sözlərinə görə, ölkəni bürüyən ardıcıl kütləvi etirazlar, nümayişlər və iğtişaşlar təsadüfi xarakter daşımır, əksinə, illərdir yığılıb qalmış sistemli problemlərin və dövlət başçısı Prezident Emmanuel Makronun həyata keçirdiyi səriştəsiz, qeyri-adekvat siyasətin birbaşa nəticəsidir:

"2017-ci ildən hakimiyyətdə olan Makron öz idarəçiliyi dövründə cəmiyyəti birləşdirmək əvəzinə, ölkəni müxtəlif qütblərə bölüb, vətəndaşların dövlət institutlarına və rəhbərliyə olan inamını tamamilə sarsıdıb. Ölkədə hələ 2019-cu ildən dalğalanan etirazlar silsiləsi onu göstərir ki, hakimiyyət xalqın səsinə qulaq asmır və cəmiyyətdəki narazılıqlar dərinləşərək xroniki xarakter alıb. Sonuncu gərginlik zamanı daxili işlər nazirinin istefa vermək istəməsi, lakin bunun rəhbərlik tərəfindən rədd edilməsi və hakimiyyət nümayəndələrinin bəzi şəhərlərdə vəziyyətə nəzarətin itirildiyini etiraf etməsi dövlət aparatının böhran qarşısında necə aciz qaldığını açıq şəkildə nümayiş etdirir. Fransa rəsmilərinin yaranmış xaotik vəziyyətdə dərhal günahı yalnız ultrasol qüvvələrin üzərinə yıxmağa çalışması və ya cəmiyyətin haqlı narazılığını süni şəkildə yönləndirməyə cəhd göstərməsi isə mövcud iqtidarın problemlərin kökünü həll etmək əvəzinə, məsuliyyətdən yayınmaq taktikasını seçdiyini sübut edir.

Makronun daxili siyasətdəki avtoritar meylləri və demokratik prinsiplərdən uzaqlaşması parlament prosedurlarının kobud şəkildə tapdalanmasında da qabarıq şəkildə özünü büruzə verir. Fransadakı böhranın kökləri təkcə daxili sosial-iqtisadi problemlərlə məhdudlaşmır, eyni zamanda Makronun həyata keçirdiyi iflasa uğramış səhv xarici siyasət kursundan birbaşa qidalanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, Fransanın rəhbərliyi özünü beynəlxalq hüququn və insan hüquqlarının müdafiəçisi kimi qələmə versə də, əslində qlobal miqyasda destruktiv neokolonializm siyasəti həyata keçirir. Makron hakimiyyəti illər ərzində Cənubi Qafqazda sülh istiqamətində konstruktiv addımlar atmaq əvəzinə, açıq şəkildə erməni separatizmini dəstəkləyib, Fransa parlamentinin deputatları və Parisin sabiq meri Ann İdalqo kimi rəsmilər vasitəsilə Azərbaycanın suveren ərazilərindəki qondarma rejimə maliyyə və siyasi dəstək verməkdən çəkinməyiblər. Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə və postmüharibə dönəmində sərgilənən bu qərəzli və ermənipərəst mövqe Fransanın bölgədə sülhə deyil, gərginliyə xidmət etdiyini göstərdi. Azərbaycan liderinin vurğuladığı kimi, xarici siyasətdə başqalarının daxili işlərinə qarışmağı, haqsızlığı və ikili standartları norma səviyyəsinə qaldıran Fransa daxildə də milli və etnik azlıqlara qarşı ayrı-seçkilik və islamofobiya siyasəti yürüdür. Parisin qlobal müstəvidə apardığı avantürist siyasət ölkənin beynəlxalq nüfuzunu tamamilə zədələyib, onu regional çərçivədən kənarda da etibarsız tərəfdaşa çevirib.

Bütün bu amillər fonunda Makronun Sorbonna Universitetində Avropa İttifaqının gələcəyi və "strateji muxtariyyət", güclü Avropa müdafiəsi ilə bağlı səsləndirdiyi iddialı bəyanatlar tamamilə boş və əsassız ritorika olaraq qalır. Daxildə öz xalqına, ölkənin iqtisadi və sosial sabitliyinə nəzarət edə bilməyən, cəmiyyətin əsaslı tələblərinə qarşı divar çəkən bir liderin qlobal miqyasda böyük iddialar irəli sürməsi gülünc görünür. İllərdir davam edən səriştəsiz idarəetmə nəticəsində bu gün Fransada reytinqləri tarixinin ən aşağı səviyyəsinə düşən Makron rejimi, ölkəni siyasi və iqtisadi tənəzzül bataqlığına sürükləyir. Əhalinin artan narazılığını və etiraz dalğalarını yatırmaq üçün demokratik dialoq qurmaq əvəzinə süni gərginliklərdən və təzyiq mexanizmlərindən istifadə edilməsi Fransanı dərin uçuruma aparır. Beləliklə, Fransa dövlətinin bu gün üzləşdiyi ağır tənəzzül və idarəetmə böhranı məhz Emmanuel Маkronun səhv siyasi strategiyasının, təkəbbürlü idarəetmə üsulunun və xalqın real problemlərinə göz yummasının qaçılmaz bədəlidir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə