Kənd yumurtası ilə market yumurtası arasında hansı fərqlər var? - EKSPERT DANIŞDI

Kənd yumurtası ilə market yumurtası arasında hansı fərqlər var? - EKSPERT DANIŞDI

Yumurta qida tərkibinin zənginliyinə görə faydalı məhsullar sırasında yer alır. Lakin onun seçilməsi, saxlanması və istifadəsi zamanı müəyyən qaydalara əməl edilmədikdə sağlamlıq üçün risklər yarana bilər.

Bu sözləri SİA-ya Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, yumurta alarkən ilk növbədə məhsulun mənbəyinə diqqət yetirmək lazımdır. Sənaye üsulu ilə istehsal edilən yumurtaların üzərində istehsal tarixi və təzəliyini təsdiqləyən digər məlumatlar göstərilməlidir. Kənd yumurtası adı altında satılan məhsulları da mənşəyi bəlli olmayan yerlərdən almaq tövsiyə edilmir:

“Yumurtanın qabığının vəziyyəti də mühüm amillərdəndir. Çatlamış və ya qırılmış yumurtalar mikroorqanizmlərlə çirklənmə riski daşıdığı üçün belə məhsulları almaq məsləhət görülmür.

Kənd yumurtaları rəng və ölçü baxımından fərqlənə bilər. Qabığın sarı, qəhvəyi və ya digər çalarlarda olması quşun qidalanması və başqa amillərlə əlaqəli ola bilər. Bu yumurtaların hamısının eyni ölçüdə olmaması da mümkündür.

Sənaye üsulu ilə qablaşdırılan yumurtaların qablaşdırması zədəsiz, quru və təmiz olmalıdır. Məhsul sərin yerdə saxlanılmalıdır.

Yumurtanı istifadə etməzdən əvvəl onun daxili görünüşünə və qoxusuna da diqqət yetirmək vacibdir. Sarı ilə ağın qarışması, xoşagəlməz qoxunun olması, sarının quruyaraq qabığa yapışması və digər qeyri-adi dəyişikliklər məhsulun keyfiyyəti ilə bağlı şübhə yarada bilər. Belə hallarda yumurtadan istifadə edilməməlidir.

Yumurtanın düzgün saxlanması da təhlükəsizlik baxımından əhəmiyyətlidir. Məhsul soyuducuda, temperatur dəyişikliklərinin az olduğu yerdə saxlanılmalıdır. Kənd yumurtalarının qabığını əvvəlcədən yuyaraq saxlamaq tövsiyə edilmir. Yuma zərurəti olduqda bunu istifadədən qısa müddət əvvəl etmək məsləhətdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə