“Ölkə başçısının qurultaydakı çıxışı Azərbaycanın strateji prioritetlərini müəyyənləşdirir“ - DEPUTAT DANIŞDI

“Ölkə başçısının qurultaydakı çıxışı Azərbaycanın strateji prioritetlərini müəyyənləşdirir“ - DEPUTAT DANIŞDI

“Yeni Azərbaycan Partiyasının VIII qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri kimi diqqət çəkir. Qurultay çərçivəsində VII qurultaydan sonrakı dövrdə partiyanın fəaliyyəti, həyata keçirilən tədbirlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə və çıxışlar dinlənilib. Bu baxımdan, qurultay partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və qarşıya qoyulan hədəflərin müzakirəsi baxımından əhəmiyyətli platforma kimi çıxış edir”.

Bu sözləri Milli Məclisin deputatı Aydın Hüseynov SİA-ya açıqlamasında deyib.

Deputat bildirib ki, qurultayın diqqətçəkən məqamlarından biri Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin proqram xarakterli nitqi olub. Onun sözlərinə görə, dövlət başçısı çıxışında YAP-ın Azərbaycanın ictimai-siyasi həyatındakı roluna, partiyanın ideoloji əsaslarını təşkil edən Ulu Öndər Heydər Əliyevin siyasi irsinə və bu irsin müasir dövrdə davam etdirilməsinə geniş yer ayırıb. Eyni zamanda, Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər, ölkənin inkişaf prioritetləri və gələcək perspektivləri barədə mühüm fikirlər səsləndirilib.

Aydın Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin çıxışı partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Deputatın fikrincə, ölkənin siyasi, iqtisadi və sosial inkişafı ilə bağlı müəyyənləşdirilən hədəflər YAP-ın fəaliyyətində də əsas istiqamətlərdən biri olaraq qalır. Bu məqsədlərin reallaşdırılması partiyanın təşkilati fəaliyyətinin gücləndirilməsi, cəmiyyətlə əlaqələrinin genişləndirilməsi və ictimai-siyasi proseslərdə fəal iştirakının davam etdirilməsi ilə sıx bağlıdır.

Deputat vurğulayıb ki, YAP-ın VIII qurultayında Prezidentin qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinə xidmət edən mühüm proqram və qərarların qəbul edilməsi gözlənilir. Onun sözlərinə görə, belə qərarlar partiyanın gələcək fəaliyyətinin prioritetlərini müəyyənləşdirməklə yanaşı, qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə icrasına da zəmin yarada bilər.

Aydın Hüseynovun sözlərinə görə, Yeni Azərbaycan Partiyası bundan sonra da Ulu Öndər Heydər Əliyevin ideyalarına və siyasi irsinə sadiq qalaraq, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi məqsəd və vəzifələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Deputat hesab edir ki, partiyanın gələcək fəaliyyəti ölkənin inkişaf strategiyasının əsas istiqamətləri ilə uzlaşmalı, dövlətçilik ənənələrinin qorunmasına və Azərbaycanın qarşısında duran hədəflərin reallaşdırılmasına xidmət etməlidir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə