“Zəngilan şəhəri dirçəliş və Böyük Qayıdışın rəmzinə çevrilir“ -DEPUTAT DANIŞDI
“Bu gün Zəngilan şəhərinin azad olunmasından bəhs edərkən, ilk növbədə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində yazdığı qəhrəmanlıq salnaməsini xatırlayırıq. 2020-ci il oktyabrın 20-də Zəngilan rayonunun işğaldan azad edilməsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan hadisələrdən biri oldu”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, 1993-cü ilin oktyabrında Ermənistanın işğalı altına düşən Zəngilan rayonu 27 illik həsrətdən sonra məhz oktyabr ayında azadlığına qovuşdu:
”Bu, təkcə zəngilanlıların deyil, bütün Azərbaycan xalqının sevincinə çevrildi. Çünki Zəngilanın azadlığı həm də tarixi ədalətin bərpası, ərazi bütövlüyümüzün təmin olunması yolunda atılan mühüm addım idi.
İranla 132 kilometrlik dövlət sərhədinə malik Zəngilan geostrateji mövqeyi, nəqliyyat-kommunikasiya imkanları və iqtisadi potensialı ilə Azərbaycanın mühüm bölgələrindən biridir. Bu gün rayonun qarşısında duran əsas vəzifə azad edilmiş torpaqları yenidən qurmaq, iqtisadi həyatını canlandırmaq və doğma yurdlarından didərgin düşmüş sakinlərin qayıdışını təmin etməkdir.
Artıq bu istiqamətdə mühüm nəticələr əldə olunur. Ağalı kəndi Böyük Qayıdışın ilk ünvanlarından biri olmaqla, Azərbaycanın müasir şəhərsalma və kənd təsərrüfatı yanaşmalarını birləşdirən «ağıllı kənd» modelinin uğurlu nümunəsinə çevrilib. Zəngilan şəhərinin və rayonun digər yaşayış məntəqələrinin bərpası isə doğma yurda qayıdışın coğrafiyasını getdikcə genişləndirir.
Rayonun iqtisadi dirçəlişində Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı və digər istehsal və aqrar layihələr xüsusi əhəmiyyət daşıyır. Bu layihələr yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun təmin olunması və geri qayıdan sakinlərin sosial rifahının yüksəldilməsi baxımından mühüm rol oynayır.
Zəngilanın strateji əhəmiyyəti onun beynəlxalq nəqliyyat və tranzit imkanları ilə də bağlıdır. Rayon Şərq-Qərb və Şimal-Cənub nəqliyyat əlaqələrinin inkişafında, eləcə də Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana çıxışın təmin edilməsində mühüm mövqeyə malikdir. Horadiz–Ağbənd dəmir yolu və avtomobil yolu layihələri bu baxımdan həm regional iqtisadi inkişaf, həm də beynəlxalq yükdaşımaların genişləndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.
Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də rayonun nəqliyyat potensialını gücləndirən mühüm hadisədir. Müasir infrastruktura malik hava limanı bölgənin beynəlxalq əlaqələrinin genişlənməsinə, turizmin inkişafına və iqtisadi fəallığın artmasına əlavə imkanlar yaradır.
Bütün bunlarla yanaşı, Zəngilanın zəngin tarixi-mədəni irsinin qorunması, dini və tarixi abidələrinin bərpası, təbii sərvətlərinin və iqtisadi imkanlarının səmərəli istifadəsi də diqqət mərkəzindədir.
Bəli, uzun illər həsrətlə azadlığını gözlədiyimiz Zəngilan bu gün yeni inkişaf mərhələsinə qədəm qoyur. Bir zamanlar doğma yurdlarına qayıtmağı arzulayan zəngilanlılar indi həmin torpaqlarda yeni həyat qururlar. Zəngilanın timsalında biz azadlığın quruculuğa, Zəfərin dirçəlişə çevrildiyini görürük.
Zəngilanın azadlığı tariximizin qəhrəmanlıq səhifəsi, bu günkü bərpası isə gələcəyə inamımızın təcəssümüdür. Doğma sakinlərini yenidən qoynuna alan Zəngilanın qarşısında indi firavanlıq, inkişaf və tərəqqi yolu açılır.
20 Oktyabr – Zəngilan Şəhəri Günü mübarək!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB