Azərbaycanda uşağın gələcəyi üçün indidən pul yığmaq nə dərəcədə vacibdir? - SOSİOLOQ AÇIQLADI

Azərbaycanda uşağın gələcəyi üçün indidən pul yığmaq nə dərəcədə vacibdir? - SOSİOLOQ AÇIQLADI

"Hər bir övlad yalnız valideynlərinin deyil, eyni zamanda dövlətin və cəmiyyətin gələcəyidir. Uşaqların sağlam mühitdə böyüməsi, keyfiyyətli təhsil alması, intellektual və mənəvi cəhətdən inkişaf etməsi dövlətin gələcək gücünü müəyyən edən əsas amillərdəndir. Çünki savadlı, sağlam düşüncəli və yüksək mənəvi dəyərlərə sahib vətəndaşlar güclü dövlətin təməlini təşkil edirlər".

Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib:

"Uşağın böyüdülməsi, tərbiyəsi və təhsili müəyyən maliyyə xərcləri tələb edir. Bu xərclərə gündəlik ehtiyaclarla yanaşı, xarici dillərin öyrənilməsi, əlavə biliklərin əldə edilməsi və repetitor xidmətləri də daxildir. Bütün bunlar ailə büdcəsinə ciddi təsir göstərir.

Dövlət tərəfindən müəyyən sosial müavinətlər və dəstək mexanizmləri mövcud olsa da, bir çox ailə uşaqlarının bütün ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Bəzən valideynlər gəlirlərinin əhəmiyyətli hissəsini təhsilə sərf edir, bank kreditlərinə müraciət edir, hətta ailəni dolandırmaq üçün əlavə işlərdə çalışmalı olurlar. Bu isə onların uşaqlara ayırdığı vaxtı azalda və ailədaxili münasibətlərə mənfi təsir göstərə bilər.

Gənc ailələrə tövsiyəm budur ki, imkanları daxilində övladları kiçik yaşlarından onların gələcəyi üçün maliyyə ehtiyatı formalaşdırmağa başlasınlar.

Məsələn, ailənin aylıq gəlirinin 15 faizini uşağın gələcək təhsili və digər mühüm ehtiyacları üçün ayırmaq faydalı strategiya ola bilər. Təbii ki, bu məbləğ ailənin gəlirindən və zəruri xərclərindən asılı olaraq müəyyən edilməlidir.

Ailə hər ay cəmi 100 manat yığarsa, 10 il ərzində əlavə gəlir nəzərə alınmadan 12 000 manat vəsait toplaya bilər. Bunun üçün ayrıca əmanət hesabı açmaq, müntəzəm yığım aparmaq və gözlənilməz hallar üçün ehtiyat fonduna sahib olmaq məqsədəuyğundur.

Belə maliyyə planlaması gələcək təhsil xərclərini qarşılamağa, borclanma riskini azaltmağa və uşağın imkanlarını genişləndirməyə kömək edə bilər.

Uşaqların gələcəyinin təmin edilməsi yalnız valideynlərin məsuliyyəti deyil, həm də dövlətin sosial siyasətinin mühüm istiqamətidir.

Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2020-ci il tarixli, 2073 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” uşaqların hüquqlarının qorunması, sağlam və təhlükəsiz mühitdə böyüməsi, təhsil və sosial müdafiə imkanlarının yaxşılaşdırılmasını nəzərdə tutan mühüm sənəddir.

Bu məqsədlərin həyata keçirilməsi üçün ailələrin maddi imkanları da nəzərə alınmalıdır. Uşağın keyfiyyətli təhsil alması həddindən artıq dərəcədə valideynlərinin maliyyə vəziyyətindən asılı olmamalıdır.

Məsələn, Azərbaycanda üçüncü və ya dördüncü uşağın dünyaya gəlməsi ilə əlaqədar ailələrə birdəfəlik məqsədli maliyyə dəstəyinin verilməsi təklif oluna bilər. Bu vəsait uşağın gələcək təhsili, peşə hazırlığı və ya mənzil təminatı üçün nəzərdə tutula bilər. Xüsusi əmanət hesabı vasitəsilə pulun təyinatı üzrə istifadəsi təmin edilə bilər.

Belə mexanizmlər ailələrin maliyyə yükünü azaltmaqla yanaşı, uşaqların gələcəyinə uzunmüddətli investisiya qoyulmasına şərait yarada bilər. Qiymətlərin və yaşayış xərclərinin artması, gəlirlərin isə bu artıma uyğun yüksəlməməsi bir çox ailənin gələcək üçün pul yığmasını çətinləşdirir. Ailələr ilk növbədə gündəlik ehtiyaclarını qarşılamağa çalışır və uşaqların gələcəyi üçün maliyyə ehtiyatı yaratmaq imkanından məhrum olurlar.

Ona görə də ailələrə maliyyə planlaması tövsiyə etməklə yanaşı, sosial dəstəyin gücləndirilməsi, təhsil xərclərinin azaldılması və bütün uşaqlar üçün bərabər imkanların yaradılması istiqamətində də addımlar atılmalıdır.
Uşağın gələcəyinə qoyulan sərmayə yalnız pul yığmaqdan ibarət deyil. Buraya təhsil, sağlamlıq, mənəvi tərbiyə, təhlükəsizlik və şəxsiyyət kimi formalaşması da daxildir.

Valideynlər imkanları daxilində indidən maliyyə ehtiyatı yaratmalı, dövlət isə uşaqların sağlam və savadlı böyüməsi, keyfiyyətli təhsil alması üçün sosial dəstək mexanizmlərini gücləndirməlidir.

Unutmamalıyıq ki, uşağa bu gün göstərilən diqqət, verilən təhsil və yaradılan imkanlar sabah dövlətin gücünə çevriləcək. Uşaqların gələcəyini qorumaq valideynlərin, dövlətin və bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə