“Məktəblərdə vahid geyim formasının tətbiqi şagirdlər arasında sosial bərabərliyin təmin olunması, diqqətin xarici görünüşdən daha çox təhsilə və intellektual inkişafa yönəldilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, məktəb mühitində estetik zövqün, geyim mədəniyyətinin və davranış etikasının formalaşdırılması da mühüm məsələlərdəndir”.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə məktəbli forması, müəllimlərin geyim etikası və qadınların təhsilinin cəmiyyətdəki rolu ilə bağlı fikirlərini SİA ilə bölüşüb.
F.Əlizadə bildirib ki, məktəb yalnız biliklərin mənimsənildiyi məkan deyil, həm də gənc nəslin dünyagörüşünün, mənəvi keyfiyyətlərinin və estetik düşüncəsinin formalaşdığı mühüm ictimai mühitdir. Onun sözlərinə görə, vahid məktəbli formasının tətbiqi zahiri intizamla yanaşı, şagirdlər arasında sosial fərqlərin ön plana çıxmasının qarşısını almağa və diqqətin təhsilə yönəldilməsinə kömək edir.
Xalq artisti qeyd edib ki, vahid geyim forması uşaqlarda nizam-intizam, kollektivə bağlılıq və birgəyaşayış mədəniyyətinin formalaşmasına müsbət təsir göstərə bilər. Bununla belə, hər bir insanın fərdi zövqünə və şəxsi xüsusiyyətlərinə hörmətlə yanaşmaq vacibdir. Onun fikrincə, mədəniyyət və dünyəvilik fərqliliklərin inkarı ilə deyil, qarşılıqlı hörmətin, humanist dəyərlərin və sağlam ünsiyyətin təşviqi ilə möhkəmlənir.
F.Əlizadə vurğulayıb ki, gənc nəslin tərbiyəsində intizamla yanaşı, sərbəst düşüncənin və estetik duyumun inkişafı da diqqətdə saxlanılmalıdır. O bildirib ki, müəllim şagirdlərə yalnız bilik verən deyil, həm də davranışı, ünsiyyəti və xarici görünüşü ilə nümunə olan şəxsdir. Bu baxımdan, pedaqoqun geyimi təhsil mühitinin xüsusiyyətlərinə uyğun olmalı, səliqəni, təmkini və peşəkar yanaşmanı əks etdirməlidir.
Onun sözlərinə görə, cəmiyyətdə mənəvi dəyərlərin ölçüsü yalnız zahiri görünüş və geyim qaydaları ilə məhdudlaşmır. Bilik, dünyagörüşü, yüksək mədəniyyət və insani keyfiyyətlər də insanın şəxsiyyətini müəyyən edən əsas amillərdəndir. Buna görə də şagirdlərə qaydalara əməl etməyi aşılamaqla yanaşı, onların müstəqil düşünmək, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və fərdi xüsusiyyətlərini qorumaq imkanlarına da şərait yaradılmalıdır.
Qadınların təhsili və ictimai həyatda iştirakı məsələsinə toxunan F.Əlizadə Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəylinin bu istiqamətdəki irsinin əhəmiyyətini qeyd edib. O bildirib ki, Üzeyir bəyin təhsilin, mədəniyyətin və qadınların ictimai həyatda fəal iştirakının təşviqinə verdiyi töhfələr Azərbaycan cəmiyyətinin inkişaf tarixində mühüm yer tutur.
Xalq artistinin fikrincə, qadınların elmə, incəsənətə və ictimai fəaliyyətə cəlb olunması cəmiyyətin intellektual və mədəni potensialının yüksəlməsinə xidmət edir. Təhsil qadınların dünyagörüşünün genişlənməsinə, peşəkar bacarıqlarının inkişafına və ictimai proseslərdə daha fəal iştirakına imkan yaradır. Bu baxımdan, Üzeyir Hacıbəylinin maarifçilik ideyaları təhsilin və mədəniyyətin insan inkişafındakı rolunu bir daha önə çıxarır.
F.Əlizadə əlavə edib ki, qadınların cəmiyyətdəki mövqeyi onların təhsili, intellektual potensialı, mənəvi zənginliyi və gördüyü işlərlə sıx bağlıdır. Gənc qızların və qadınların elmə, incəsənətə və təhsilə marağının artırılması, onların öz bacarıqlarını reallaşdırması üçün imkanların genişləndirilməsi cəmiyyətin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB