"Məktəbli forması şagirdin maddi vəziyyətinə görə fərqləndirilməsinin qarşısını almağa kömək edir" -TƏHSİL EKSPERTİ DANIŞDI

"Məktəbli forması şagirdin maddi vəziyyətinə görə fərqləndirilməsinin qarşısını almağa kömək edir" -TƏHSİL EKSPERTİ DANIŞDI

"Şagirdlərin məktəbli geyim forması ilə bağlı müzakirələr başqa istiqamətlərə yönəldilməməli və manipulyasiya vasitəsinə çevrilməməlidir. Dünyanın bir çox ölkəsində məktəbli forması mövcuddur və onun özünəməxsus fəlsəfəsi var. Məktəbli forması sadəcə geyim tərzi deyil, həm də şagirdlərin psixoloji vəziyyətinə və düşüncəsinə müsbət təsir göstərən amillərdən biridir".

Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

O bildirib ki, forma şagirdə şüuraltı olaraq digər şagirdlərlə bərabərhüquqlu olduğunu hiss etdirir. O, özünü geyiminə və maddi imkanlarına görə deyil, təhsil mühitinin bərabərhüquqlu üzvü kimi görür:

"Bəziləri bu fikirlə razılaşmaya bilər, lakin biz məsələyə təhsil və pedaqoji prinsiplər baxımından yanaşmalıyıq. Özümüzə sual verməliyik: nə üçün dünyanın müxtəlif inkişaf səviyyələrinə malik bir çox ölkəsində məktəbli forması tətbiq olunur? Əgər bu, əhəmiyyətsiz atribut olsaydı, bu qədər ölkədə geniş yayılmazdı.

Məktəbli forması məsələsini yalnız dini inanclarla əlaqələndirmək və müzakirələri bu istiqamətə yönəltmək düzgün deyil. Azərbaycan cəmiyyətində dinə və inanca hər zaman böyük hörmət olub və bu hörmətin gələcəkdə də qorunacağına şübhə yoxdur. Bununla belə, məktəbin öz tələbləri, qaydaları və pedaqoji prinsipləri var.

Müasir təhsil yanaşmaları şagirdlərin məktəb mühitində bərabərlik və eyni status hissini yaşamasının vacibliyini önə çəkir. Məktəbli forması da bu məqsədə xidmət edən vasitələrdən biridir.

Son günlər bəzi şagirdlərin geyimlərinə görə məktəbə buraxılmaması ilə bağlı müzakirələrə də rast gəlirik. Məsələn, məktəbli formasına uyğun olmayan, həddindən artıq qısa və ya digər tələblərə cavab verməyən geyimlərlə bağlı məhdudiyyətlər tətbiq oluna bilər. Lakin bu cür məsələlərə hər hansı dini inanca və ya dünyagörüşünə qarşı münasibət kimi yanaşmaq olmaz.

Məqsəd hər hansı inancı məhdudlaşdırmaq deyil, məktəbin vahid təhsil mühitini və özünəməxsus simasını qorumaq, şagirdlər arasında bərabərlik prinsipini gücləndirməkdir. Buna görə də məktəbli forması ilə bağlı müzakirələr emosional yanaşmalardan uzaq, təhsil və pedaqoji prinsiplər əsasında aparılmalıdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə